AZ

Azərbaycandan Ukraynaya ilk dəfə qaz tədarükü fonunda Transbalkan qazkəmərinin ötürücülük qabiliyətinin bronlanması 2,6 dəfə artıb

Bakı, TurkicWorld

2025-ci ilin avqust ayı üçün RBP platformasında keçirilmiş hərracın nəticələrinə əsasən, Transbalkan qaz dəhlizinin ötürücülük qabiliyyətinin 20 faizi bron edilib.

TurkicWorld bu barədə Ukraynanın Energetika nazirliyinə istinadən xəbər verir.

"Xatırladaq ki, Ukrayna Energetika Nazirliyinin səyləri nəticəsində bu marşrut – Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldova üzərindən – Ukraynaya təbii qaz idxalı üçün imkan yaradılıb. Nazirliyin Ukraynanın Qaz Nəqli Sistemi Operatoru ilə birgə təşəbbüsü çərçivəsində həyata keçirilmiş yeni birgə ötürmə gücü bronlama məhsulu Transbalkan dəhlizi üzrə nəql xərclərini 25 faiz azaltmağa imkan verib. Bu isə, öz növbəsində, tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın yeraltı qaz anbarlarından daha səmərəli istifadə üçün əlavə imkanlar yaradıb", – qurumun məlumatında bildirilir.

Ukraynanın Energetika naziri Svetlana Qrinçukun sözlərinə görə, Transbalkan dəhlizi marşrutu Ukraynanın cənub istiqamətli resurslara çıxış imkanlarını genişləndirir və qazı yeni ixracatçı ölkələrdən almağa şərait yaradır: "Bundan əlavə, bu marşrut Avropa treyderləri üçün bizim yeraltı qaz anbarlarımızdan istifadə baxımından cəlbedici imkanlar yaradır".

Qurumun məlumatına görə, Transbalkan istiqaməti üzrə ötürücülük gücünün bronlanmasına çıxış 2025-ci ilin iyun ayından mümkün olub və artıq bu gün bazar iştirakçıları tərəfindən bu istiqamətə marağın davamlı artımı müşahidə olunur.

"2024-cü ilin sonuna qədər gündəlik 7 milyon kubmetr həcmində zəmanətli güc səviyyəsi müəyyən olunub. Hazırda bu gücün 2025-ci ildə gündəlik 11,5 milyon kubmetrə çatdırılması məsələsi üzərində iş aparılır", – nazirliyin məlumatında qeyd olunur.

Xatırladaq ki, Ukrayna Transbalkan marşrutu vasitəsilə ilk dəfə Azərbaycan qazının idxalına başlayıb.

Belə ki, "Naftoqaz" şirkətlər qrupu SOCAR Qrupuna daxil olan "SOCAR Energy Ukrain"e şirkəti ilə Azərbaycan təbii qazının alınmasına dair ilk müqaviləni imzalayıb.

Qaz Transbalkan marşrutu üzrə – Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi ilə – sınaq rejimində tədarük olunur.

"Tədarük həcmi böyük olmasa da, bu, uzunmüddətli əməkdaşlığa yol açan strateji əhəmiyyətli bir addımdır. Bu həmçinin, təchizat mənbələrinin şaxələndirilməsinin və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin növbəti nümunəsidir", – "Naftoqaz"ın baş direktoru Sergey Koretski bildirib.

Öz növbəsində "SOCAR Energy Ukraine"dan bildirilir ki, 24 iyul 2025-ci ildə "Naftoqaz" şirkətlər qrupu ilə sınaq qaz tədarükləri haqda saziş imzalanıb.

"Qaz Ukraynaya Bolqarıstandan nəql olunacaq. Qeyd etmək lazımdır ki, tarixdə ilk dəfə olaraq Azərbaycan mənşəli qaz Ukraynaya nəql olunacaq", - deyə şirkətdən bildiriblər.

Seçilən
1
3
turkic.world

4Mənbələr