AZ

Maaşları istənilən bank terminalından almaq mümkün olacaq - tutqu olacaqsa, nə faydası?..


Əkrəm Həsənov: “İşçilər istənilən bankdan əməkhaqqını ala bilər və bu qanunidir, ancaq...”

“Azərbaycan Mərkəzi Bankı (AMB) əməkhaqqının istənilən bankdan alınması ilə bağlı iş aparır və bu, ilin sonuna qədər mümkün ola bilər”. Bu barədə AMB-nin sədri Taleh Kazımovun iqtisadçı-ekspertlərlə görüşündə bildirilib.

AMB sədri qeyd edib ki, bu ilin sonuna qədər Azərbaycanda maaşı istənilən bankdan almaq mümkün olacaq.

Maraqlıdır, bu yeniliyin nə kimi müsbət və mənfi tərəfi var?

“Məcburən insanları hansısa bankın müştərisi etmək düzgün deyil, bu məsələ könüllü olmalıdır”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu mövzu bir neçə ildir müzakirə olunur: “Məcburən insanları hansısa bankın müştərisi etmək düzgün deyil. Bu məsələ könüllü olmalıdır. Bankla müştəri arasında münasibət razılıq əsasında olmalıdır. Danılmaz faktdır ki, dövlət qurumları, bir-iki bank var ki, onlarla əməkdaşlıq edir. Təqaüd, pensiya kartları məsələsində eyni hal yaşanır. Bəzən özəl şirkətlər də bu yolu gedir. Ancaq dediyim kimi, bu hal qanunsuzdur. Vətəndaş maaşını hansı bankdan alacağını özü seçməlidir. Bu ilin aprel ayında AMB-nin sədri Taleh Kazımovla görüşən zaman o bildirdi ki, əmək haqqı kartları məsələsinə baxılır. Ötən həftə keçirilən görüşdə mən də iştirak edirdim və məlum mövzuya bir də toxundum. Sədr bildirdi ki, bu ilin sonuna qədər dövlət qurumlarında işləyən şəxslər üçün onlayn ani ödəniş sistemi yaradılacaq. Bununla da hər kəs istədiyi bankdan əmək haqqını almaq seçiminə malik olacaq. Ancaq pensiya məsələsi isə hələlik gözlənilmir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, işçilər istənilən bankdan əməkhaqqını ala bilər və bu, qanunidir: “Əmək Məcəlləsinə görə, işçi maaşın alınma formasını özü müəyyən edir. O, öz əməkhaqqını hansı bankdan almaq istəyirsə, işə götürən də pulu həmin banka köçürməlidir. Ancaq təəssüf ki, işə götürənlər şərtləri işçilərə diqtə edirlər. Bir çox müəssisələrdə işçi maaş aldığı bankla müqavilə bağlamır, lakin maaş kartları verilir. Bu, qanunun kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, vətəndaş o halda bankın müştərisi olur ki, işçi ilə bank arasında bank hesabı müqaviləsi var. Kart da əslində bank hesabından istifadə vasitəsidir. Maaş hansı bankdan verilirsə, o bankla vətəndaşın müqaviləsi olmalıdır. Müqavilə bağlamaq isə könüllüdür. Məcburi ola bilməz. Azərbaycan müəssisələrində hər iki tərəf - işə götürənlər və bank qanun pozuntusuna yol verir. Müəssisə ona görə pozuntuya yol verir ki, o öz işçisini məcbur edir, işçinin qanuni tələbini icra etmir. Həm də bank pozuntuya yol verir. Bank hesab müqaviləsi bağlamadan kart verir. Bunun səbəbi də işəgötürən müəssisələrin həmin banklarla sövdələşməsidir. Deyir ki, mən sənə işçilərin maaşını köçürəcəyəm, sən də mənə aşağı faizlə kredit ver. Ona görə də qarşılıqlı maraqlar yaranır. Həm də sövdələşdikləri banklara şərait yaradırlar ki, işçiləri onlardan kredit alsın”.

Günel CƏLİLOVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr