Türkiyədə meşə yanğınları davam edir.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, Bursa şəhərinin Orhaneli və Harmancık bölgələrində artıq 4 gündür meşə yanır.
Yanğının Harmancık bölgəsində təxliyə edilən Çakmak məhləlləsinə keçməsinə az müddət qalıb.
Meşə yanğınları baş verən əraziyə 30 helikopter, 712 yanğınsöndürən maşın və 1.496 personal cəlb edilib.
Bursa Büyükşehir Bələdiyyəsi əhaliyə çağırış edib.
O bildirib ki, Bursa bələdiyyəsi adından yanğınla mübarizə aparmaq üçün sosial şəbəkələrdə saxta hesablar açılaraq insanlardan pul yığılır. Bələdiyyə sədri əhalini buna aldanmamağa səsləyib.
Karabük vilayətinin Safranbolu rayonunda baş verən yanğının böyük hissəsinin nəzarət altına alındığı bildirilir.
Yanğınla bağlı son məlumatı verən Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı "Yanğının miqyası xeyli azalıb. Ərazi çox yaxşı vəziyyətdədir. İstilər səbəbindən müəyyən ərazilərdə kiçik tüstülər yanır, lakin qruplarımız bu ərazilərə diqqət yetirir"- deyə bildirib.
İyulun 28-də Diyarbekirin Erqani rayonunda baş verən yanğın həmin gün axşam saatlarında söndürülüb.
Bu zaman yanğınsöndürən maşının aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.