AZ

Ticarət savaşında qazanan ABŞ olacaq  

Donald Tramp seçki marafonunda "Amerikanı yenidən dünyanın ən böyüyü edəcəyəm" deyirdi. Onun bu fikri tez-tez təkrar etməsinin səbəbi vardı. Ötən əsrin ortalarında dünyada istehsal olunan məhsulların yarıdan çoxu bu ölkənin payına düşürdü. Eləcə də pul vahidinin yeganə beynəlxalq dönərli valyuta olması ABŞ-yə əlavə üstünlüklər verirdi. 

Həmin dövrdə başqa dövlətlər Amerika dollarından istifadə edib, öz iqtisadiyyatlarını qurmağa məcbur və bunun qarşılığında ABŞ-yə əlavə faiz ödəmək məcburiyyətində idilər. Belə vəziyyət ABŞ-yə həm istehsalını artırmağa, həm də üstün maliyyə alətini əlində saxlamağa imkan verirdi. 

Son dövrlər dünya iqtisadiyyatında Amerikanın istehsal payı 25 faizə qədər enmişdir. Hətta bu rəqəmin daha da aşağı düşməsi ehtimalı yaranmışdı. D.Tramp da seçki marafonunda amerikalılara bunun qarşısını almağı vəd edirdi. Xüsusi vurğulayırdı ki, yenidən önə çıxmaq üçün dünyaya yayılmaqdan imtina edib, geriyə - Amerikaya qayıdacaq. 

Geri qayıtmaq nə deməkdir? Bu ölkədə vergi öhdəlikləri yüksək və ondan qaçmağın çətin olduğunu görən iri şirkətlər daha çox qazanmaq üçün "vergi cənnəti" sayılan Asiya ölkələrinə üz tutmuşlar. Amerika şirkətlərinin Asiya ölkələrinə, xüsusilə də Çinə axını Amerika iqtisadiyyatının kiçilməsinə səbəb olmuş, əvəzində Çin iqtisadiyyatı sürətlə böyüməyə başlamışdı. Amerika şirkətlərinin yüksək texnologiyaları Çinə gətirməsi bu ölkəyə Amerikaya qarşı rəqabətli məhsul istehsal etməyə imkan vermişdi. Beləliklə, Çin dünya bazarına yüksəkkeyfiyyətli, üstəlik, ucuz qiymətə məhsul çıxarmaqla bazarda liderliyi ələ almağa başlamışdı. Amerika sərmayəsi və texnologiyası ilə istehsal olunan məhsullar bu ölkənin bazarına daxil olub yerli istehsalı sıxışdırırdı. Bir çox Amerika şirkəti rəqabətə dözə bilməyib, istehsalı məhdudlaşdırmağa və dayandırmağa məcbur olurdu. Beləliklə, Amerikada işsizlik artırdı, sosial problemlər yaranırdı. D.Tramp bu amildən məharətlə istifadə edərək seçicilərə belə vəziyyətə son qoyacağını vəd etdi.     

Bu gün ABŞ-nin apardığı gömrük rüsumu siyasəti də verilən həmin vədlə bağlıdır. D.Tramp təkcə xarici ölkələri deyil, sərmayəsini xaricə aparıb orada istehsal təşkil edən Amerika şirkətlərini də hədələmişdir. Amerikanın apardığı bu siyasətə dünyada ciddi etiraz edənlər olsa da, son dövrlər baş verən proseslərə diqqət yetirdikdə görürük ki, çoxları istər-istəməz bu təzyiqə  baş əyməyə məcburdurlar.

D.Trampın rüsum siyasəti dünya iqtisadiyyatına ziyan vursa da, Amerika iqtisadiyyatı bundan qazanacaq. Ağ Evin rəhbəri seçki marafonunda "Amerikanı yenidən dünyanın ən böyüyü edəcəyəm" vədinə addım-addım yaxınlaşır. ABŞ-nin bu siyasəti sayəsində 2027-ci ilə qədər dünya iqtisadiyyatı rüsumların tətbiqi sayəsində 

2 trilyon dollar itirə bilər. Beynəlxalq nüfuzlu maliyyə qurumlarının hesablamalarına görə, qarşıdakı illərdə dəyən ziyanın müəyyən hissəsini yenidən bərpa etmək mümkün olacaq. 

ABŞ-də rüsumların səviyyəsi hazırda 1930-cu illərdən etibarən ən yüksək həddədir. Bu, Trampın prezidentlik müddətindən əvvəlki dövrlə müqayisədə demək olar ki, 6 dəfə çoxdur. "Bloomberg Economics" agentliyinin iqtisadçıları ABŞ-nin orta rüsumunu keçən ildəki 2,5 faizə qarşı 13,5 faiz olaraq qiymətləndirirlər. Avropa İttifaqı ilə rüsumlar haqqında saziş bağlandıqdan sonra bu göstərici 16 faizə qədər artacaq.

Bəzi ölkələr və birliklər rüsumlarla bağlı sazişlərin bağlanmasına nail ola biliblər. ABŞ artıq Avropa İttifaqı ilə ticarət sazişi imzaladığını elan edib. Bu, Avropa məhsulları üçün 30 faiz əvəzinə 15 faiz baza tarifinin müəyyən edilməsini nəzərdə tutur. Eyni zamanda Brüssel ABŞ-yə 600 milyard dollar investisiya qoymalı və onlardan 750 milyard dollarlıq enerji daşıyıcıları almalıdır. Göründüyü kimi, ABŞ Avropa İttifaqının boynuna böyük yük qoyub. Bu, onsuz da müəyyən çətinliklər yaşayan "qoca qitə"yə əlavə problemlər deməkdir. 

ABŞ-nin apardığı rüsum tətbiqinə qarşı dirəniş göstərən tək ölkə Çindir. Bunun başlıca səbəbi ÇXR-in iqtisadiyyatında müşahidə edilən yüksək dinamika və rəqabət qabiliyyətinin olmasıdır.

ABŞ və Çin rüsumların qarşılıqlı olaraq 90 gün müddətinə azaldılması barədə razılaşıblar. Çin ABŞ-dən daxil olan mallara tətbiq olunan rüsumları 

90 gün müddətinə 24 faiz bəndi azaldacaq.

ABŞ maliyyə naziri Skott Bessent Cenevrədə aparılan danışıqların yekunu ilə bağlı bildirib ki, razılaşmaya əsasən, Vaşinqton Çin mallarına rüsumları 145 faizdən 30, Pekin isə 125 faizdən 10 faizə endirəcək. Daha əvvəl İsveçrədə Çin və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqların yekunu üzrə tərəflər ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi yaratmaq barədə razılığa gəliblər.

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
6
azerbaijan-news.az

1Mənbələr