AZ

Dağlarda əks-səda verən musiqilər

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən 14-cü Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla sona yetməkdədir. Bir neçə gündür ki, burada çeşidli proqramlarla əsl musiqi bayramı fərəhi yaşanır.

Böyük musiqi xadimi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilmiş festivalda dünyanın bir çox məşhur musiqiçiləri iştirak edirlər. Üzeyir bəyin ölməz musiqilərinin də səslənməsi onun ruhunu şad edir. Elə şənbə günü təşkil olunan konsert bu baxımdan əsl nümunə olub.

Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə təqdim edilən kamera musiqisi axşamı hər kəsə unudulmaz təsir bağışlayıb. Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Gülnaz İsmayılova (soprano) tamaşaçılar qarşısında maraqlı proqramla çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, “Koroğlu” operasından Nigarın ariyası, “Uvertüra”, eləcə də digər bəstəkarların əsərləri səsləndirilib və alqışlarla qarşılanıb.

Həmin axşam “Qafqaz Resort” otelindəki açıq səhnə isə Gürcüstandan gəlmiş musiqi qrupunun –“Tbilisi Big Band” ixtiyarına verilib. Ünlü kollektivin caz, ritm və enerji dolu əsrarəngiz çıxışı musiqisevərlərin ürəyincə olub. Qeyd edək ki, bu musiqi qrupu Qəbələ festivalında artıq 3-cü dəfədir iştirak edir. Professional musiqiçilər bir orkestr olaraq, estrada ifaçılığı, xüsusilə də gürcü caz ənənələrinə sadiq qalması ilə sevilir. Hazırda qrupun repertuarında müxtəlif janrları əhatə edən yüzlərlə əsər var. Buraya gürcü və xarici müəlliflərin vokal və instrumental kompozisiyaları daxildir.

Qeyd edək ki, festivalın iştirakçıları onun təşkilindən və əhatə dairəsindən razılıqlarını bildiriblər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülnaz İsmayılova deyib: “Qəbələ şəhərində, doğma diyarımızda artıq 14-cü dəfədir ki, Beynəlxalq Musiqi Festivalı keçirilir. Mən özüm bu festivalın daimi iştirakçılarındanam. Ənənəvi olaraq keçirilən Beynəlxalq Musiqi Festivalı Azərbaycanın musiqi həyatında əlamətdar hadisəyə çevrilib. Qəbələ festivalı musiqimizin dünyada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Proqram yenə də rəngarəngdir, burada bütün musiqi janrları əhatə olunur. Festivalın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, təşkilatçılara təşəkkürümü bildirirəm”.

Bu fikirləri isə jurnalistlərlə festivalın digər bir iştirakçısı – “Xarıbülbül” muğam qrupunun rəhbəri, Əməkdar artist, tarzən Əliağa Sədiyev bölüşüb: “Bu, klassik musiqi festivalı olsa da, hər zaman xalq musiqisinə də yer verilir, konsertlər olur. Qəbələ festivalının proqramında ənənəvi olaraq bir konsert muğam gecəsi üçün ayrılır. Ancaq builki festivalda muğam axşamı bir qədər fərqli tərzdə təqdim olunur. Bu gün Xalq artisti, görkəmli xanəndə Nəzakət Teymurovanın, Əməkdar artist Fuad İbrahimovun bədii rəhbəri və baş dirijoru olduğu Bakı Dövlət Kamera Orkestrinin və rəhbərlik etdiyim “Xarıbülbül” muğam qrupunun iştirakı ilə festival iştirakçıları qarşısında geniş və rəngarəng konsert proqramı ilə çıxış etdik. Proqramda muğam, xalq mahnıları, təsnif, rəng, rəqs, bir sözlə, Azərbaycan xalq musiqisinin bütün inciləri öz əksini tapdı. Bu festivalda iştirak etdiyimiz üçün çox sevincli və məmnunuq”.

Təbiətin əsrarəngiz qoynunda – Qəbələdə klassik və müasir musiqilər hər kəsə valehedici, unudulmaz axşamlar bəxş edir. Gözəl ənənəyə çevrilən Qəbələ Musiqi Festivalı bu gün sona yetəcək və xoş xatirəyə dönəcək.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Qəbələ

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr