Ben-Qvir və Smotriçə ölkəyə giriş qadağan edildi – Amsterdam Tel-Əvivdən beynəlxalq hüquqa əməl etməyi tələb edir...
Niderland hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçi persona non grata (arzuolunmaz şəxs) elan edib. Onların krallıq ərazisinə daxil olması qadağan olunacaq.
Poliqon xəbər verir ki, bu barədə Niderlandın NOS telekanalı ölkənin xarici işlər naziri Kaspar Veldkampın parlamentə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Sənəddə bildirilir ki, Ben-Qvir və Smotriç dəfələrlə fələstinlilərə qarşı zorakılığa çağırışlar edib, qanunsuz yəhudi məskənlərinin genişləndirilməsini müdafiə ediblər, həmçinin Qəzza sektorunda etnik təmizləməyə çağırıblar. Bu səbəbdən Amsterdam onların ölkəyə girişinə qadağa qoyub.
Bundan əlavə, Niderland Xarici İşlər Nazirliyi İsrailin səfirini çağıraraq Tel-Əviv hökumətini beynəlxalq humanitar hüquq normalarına əməl etməyə və mövcud siyasətini dəyişməyə çağıracaq.
Qeyd edək ki, İsrail son günlərdə Qəzza sektoruna hava vasitəsilə humanitar yardımın çatdırılmasını bərpa edib və bu istiqamətdə bir sıra yumşaldıcı addımlar atıldığını açıqlayıb. Baş nazir Benyamin Netanyahunun bəyanatına əsasən, döyüşlərdə gündəlik 10 saatlıq fasilələrin verilməsi və BMT ilə digər beynəlxalq təşkilatların karvanları üçün təhlükəsiz marşrutların açılması nəzərdə tutulub. İsrail bu təşəbbüsü BMT-nin Qəzzadakı aclıqla bağlı tənqidlərinin qarşısını almaq üçün irəli sürdüyünü gizlətməyib.
HƏMAS isə bu addımı “fars” (yəni saxta təşəbbüs) adlandıraraq pisləyib.
Poliqon.info