“NVIDIA” şirkətinin təsisçisi və icraçı direktoru Jensen Huang texnologiya dünyasında ən nüfuzlu şəxslərdən biri kimi tanınır.
Valyuta.az xəbər verir ki, o, bu gün süni intellekt sahəsinin ən böyük oyunçularından biri olan “NVIDIA”nı milyardlarla dollar dəyərində bir texnologiya nəhənginə çevirib.
Huang-ın biznes həyatı təkcə yüksək texnologiya ilə deyil, həm də həyatın ən aşağı pillələrindən başlayaraq qazandığı təcrübələrlə seçilir.
Uşaqlıqda Tayvandan ABŞ-a köç edən Huang təhsilini Kentucky ştatında yerləşən internat məktəbində alıb. Orada o, gündəlik olaraq tualet təmizləmək, yeməkxanada işləmək kimi işlərdə çalışıb. Sonralar bu təcrübələrə istinad edərək belə deyəcəkdi: “Mən əvvəllər tualet təmizləmişəm. Sizin hamınızdan çox tualet təmizləmişəm.” Bu sözlər onun zəhmətə və çalışqanlığa verdiyi əhəmiyyəti göstərir.
Huang mühəndislik üzrə təhsilini “Oregon State University” və “Stanford University”də tamamladıqdan sonra “AMD” və “LSI Logic” kimi şirkətlərdə mühəndis və rəhbər vəzifələrdə çalışıb. Lakin onun biznes həyatında dönüş nöqtəsi 1993-cü ildə baş verdi. Həmin il o, iki iş ortağı ilə birlikdə “NVIDIA” adlı kiçik bir startap yaratdı. Başlanğıcda cəmi 40 min dollarla fəaliyyətə başlayan bu şirkət, zamanla qrafik prosessorları sahəsində inqilabi məhsullar hazırladı.
Huang-ın biznes strategiyası innovasiyaya dayalı və risk almağa açıq idi. O, yeni texnologiyalara sərmayə yatırmaqdan çəkinməyib və bu yanaşma “NVIDIA”nın süni intellekt və maşın öyrənməsi texnologiyalarında dünya lideri olmasına gətirib çıxardı. Şirkətin təqdim etdiyi “GeForce”, “CUDA” və “DGX” kimi məhsullar təkcə oyun sənayesini deyil, həm də tibb, avtomobil, enerji və elmi tədqiqat sahələrini dəyişdirdi.
Bu gün Huang qürurla deyir ki, o, “dünyada əməkdaşını ən çox milyarder etmiş adam”dır. Bu, həm şirkətin kəskin maliyyə uğurlarını, həm də onun komanda ruhuna verdiyi önəmi ortaya qoyur.
Huang-ın biznes yanaşması, şəffaflıq, performansa əsaslanan əməkdaşlıq və mükafatlandırma prinsiplərinə əsaslanır. O, şirkətində istedadlı və yaradıcı şəxslərin çalışmasına üstünlük verir və onları təşviq edən bir mühit formalaşdırır.
Bu gün Jensen Huang dünyanın ən zəngin texnoloji liderlərindən biridir. “NVIDIA”nın bazar dəyəri 4 trilyon ABŞ dollarını keçib və Huang şirkətin əsas səhmdarı olaraq şəxsi sərvətini 150 milyard dollara qədər artırıb. Bununla belə, o, öz keçmişini və zəhmətə əsaslanan başlanğıc nöqtəsini heç vaxt unutmur.
Jensen Huang-ın biznes hekayəsi, zəhmətlə başlayan bir yolun, yenilikçiliyə və vizyona dayanan liderliklə necə uğura çevrildiyinin parlaq nümunəsidir.
Mayya Hüseynova