AZ

Paytaxtı Bakıdan suya görə köçürmək təklifi

Memar deyir ki, paytaxt hansısa rayona köçürülərsə, aylarla susuzluğa səbəb ola bilər; ekoloq isə hesab edir ki, Azərbaycanda su ehtiyatları kifayət qədərdir, lakin istifadə düzgün təşkil olunmur

Ölkədə su ehtiyatları əhalinin və kənd təsərrüfatının tələbatını tam ödəyə bilmir. Azərbaycanın ərazisinə düşən çay sularının əhəmiyyətli hissəsi xarici ölkələrdən gəlir. Lakin son illərdə bu çayların səviyyəsində azalma müşahidə olunur. Eyni zamanda iqlim dəyişmələri, quraqlıqlar və əhalinin artması suya olan tələbatı daha da artırır.

Bu fonda su ehtiyatlarının düzgün idarə olunması ön plana çıxır. Azərbaycan bu sahədə beynəlxalq qurumlarla da əməkdaşlıq edir. "Bakı-xəbər.com" yazır ki, havalar kəskin istiləşəndən sonra, xüsusilə də son bir həftədə Bakı və Abşeron yarımadasında su təchizatında problemlər yaranması barədə şikayətlər səngimək bilmir. Həm sosial şəbəkələrdə yayılan məlumatlara, həm də ayrı-ayrı paytaxt sakinlərinin bildirməsinə görə, suyun verilməsində hər gün fasilələr yaranır, bəzi hallarda isə gün ərzində, ümumiyyətlə, verilmədiyi vurğulanır. Bunu isə Bakıda əhalinin çoxluğu ilə əlaqələndirirlər, hətta Azərbaycan paytaxtının bu səbəbdən köçürülməsi təklifləri də var.

Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, memar Cahid Həsənov mövzu ilə bağlı "Yeni Müsavat"a fikrini bölüşüb: "Deyirlər, paytaxtı köçürək Xankəndinə - bu, düzgün fikir deyil. Bakının kanalizasiya sistemi, su təchizatı sovet dövründə 1 milyon 200 min əhaliyə görə hesablanmışdı. Müstəqillik əldə olunandan sonra bu rəqəm qalxaraq 4-5 milyona çatıb. Bunun üzərinə qonaqları, turistləri də gəlsək, kanalizasiya sistemi bunun öhdəsindən gələ bilmir. İstismar müddəti bitib. Yeni baş plana əsasən, yeni tikililər, infrastruktur  olacaq, lakin 20 ildən sonra yenə də bu problemlər yaşanacaq. Paytaxtı hansısa rayona köçürsək, bundan da çox su problemi yaşanacaq. Təsəvvür edin, rayon əhalisi 200 mindirsə, 2 milyon əhalisi olan paytaxt ora köçürülərsə, həmin rayon susuz qala bilər - səhra kimi. Çıxış yolu odur ki, şəhər boşaldılmalıdır. Bəzi nazirliklər və ali təhsil müəssisələri rayonlara yerləşdirilməlidir".

Baş

Qorxmaz İbrahimli

Ekoloq Qorxmaz İbrahimli isə "Yeni Müsavat"a bildirib ki, ölkəmizdə kifayət qədər su ehtiyatları var: "Mən hesab etmirəm ki, Azərbaycanda su krizisi var. Sadəcə, biz su ehtiyatlarımızı düzgün istifadə etmirik, yaxud da urbanizasiya problemimiz var. Əhalinin 50 faizdən çoxu Bakıya toplanıb. Bakıda bir saat su kəsilir və bu, sosial şəbəkələrdə böyük narazılığa səbəb olur. Su ehtiyatlarımız kifayət qədərdir, sadəcə, bundan düzgün istifadə etmək lazımdır. Su düzgün paylaşılmayıb. Coğrafi-təbii şəraitə uyğun olaraq Aran rayonlarımızda su qıtlığı var. Bu da düzgün istifadə olunsa, sistem qurulsa, o problem də ortadan qalxar. Yaxın 50 ildə Azərbaycanda su problemi yoxdur. Biz suvarmanı, su istifadəsini düzgün təşkil etsək, su mədəniyyətimiz olsa, gələcək nəsillərə belə su ehtiyatlarımızı çatdıra bilərik. Bakı şəhərinin su ilə təminatında da problem yoxdur. İllərdir paytaxta Kürdən boru çəkilib. Şollar su kəmərimiz var, yüz ildən artıqdır ki, Bakını su ilə təmin edir. Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib. Bundan əlavə, Samur-Abşeron Taxta körpü su anbarı vasitəsilə paytaxt su ilə təmin olunur. Ceyranbatan su anbarımız var. Ceyranbatan su anbarında suyun doluluq səviyyəsi 96 faizdir. Problemimiz su itkilərindədir. Bu, ciddi problem yaradır. Bunun səbəbi şəhərdaxili xətlərimizin düzgün qurulmamasıdır. Nəticədə 30-40 faiz su itkisi olur. Bunu aradan qaldırmaq yalnız Nazirlər Kabinetinin işidir ki, ilin büdcəsində buna vəsait ayırmalıdır. İkincisi, Oğuz-Qəbələ-Bakı su kəmərində ciddi bir problem yarandı və bir neçə gün o boru ilə Bakıya su verilmədi. Buradakı problem nə idi? Ehtiyat xətt yoxdur, yəni ikinci xətt yoxdur ki, birində su olmayanda o biri xətt onu təmin edə bilsin. Dünyanın hər yerində ehtiyat su xətləri var. Borular çəkiləndə paralel çəkilməlidir. Hökumət vaxtilə Kürdə su götürmə nasoslarını dəyişdi, boruları düzgün qurdu, amma boruları yeniləyə bilməmişik. Eləcə də şəhərdaxili sistemdə, kanalizasiya sistemlərimizdə, suyun təkrar istifadəsində, evlərdə sensorlu çeşmələrin istifadəsində problemlər var. Sensorlu çeşmələrin istifadəsi üçün isə onları idxal edən şirkətlərə vergi güzəşti edilməlidir, vergidən müəyyən müddət azad olunmalıdırlar ki, vətəndaşların ucuz sensorlu çeşmələrə əlçatanlığı təmin olunsun. Bunun bir çox yolları var".

Onu da nəzərə çatdıraq ki, Azərbaycanın illik su ehtiyatının yalnız 30 faizi ölkə daxilində formalaşır. Təxminən 70 faizi  qonşu dövlətlərin ərazisində yaranır və sonra çaylar vasitəsilə ölkəyə daxil olur. Bu isə o deməkdir ki, Azərbaycan su təminatında ciddi şəkildə xarici faktorlardan asılıdır. Azərbaycanın su ehtiyatları əsasən iki böyük çay - Kür və Araz çayları vasitəsilə formalaşır. Hər iki çay transsərhəd statusuna malikdir və bu da su axınını tənzimləməkdə ölkənin tam müstəqil qərar verməsini çətinləşdirir.

Kür çayı ölkəyə əsasən Gürcüstan ərazisindən daxil olur. Çayın su ehtiyatlarının 60 faizdən çoxu məhz bu ölkədə formalaşır. Araz çayı isə Türkiyədən başlayır, Ermənistan və İran ərazilərindən keçərək Azərbaycana daxil olur. Bu çayda da su ehtiyatlarının böyük hissəsi xaricdə toplanır. Statistikaya əsasən, ölkəyə daxil olan ümumi çay sularının təxminən 70%-i xaricdə formalaşır. Daxili ehtiyatlar bu baxımdan kifayət qədər məhdud və qeyri-bərabər paylanıb. Ən ciddi təhlükələrdən biri də geosiyasi gərginliklərin su təhlükəsizliyinə birbaşa təsir göstərməsidir. Ermənistan zaman-zaman Araz çayına süni təsir göstərərək, çayın aşağı hissəsində - yəni Azərbaycanda su çatışmazlığına səbəb olur.

İran da Arazdan intensiv su götürməklə çayın Azərbaycana daxil olan hissəsində səviyyəni azaldır. Bu cür təzyiqlər gələcəkdə su diplomatiyasının gücləndirilməsini qaçılmaz edir. Son illərdə regionda yağıntıların azalması, quraqlığın artması çayların səviyyəsinə mənfi təsir göstərib. Kür çayının səviyyəsində 2-3 metr azalma halları müşahidə olunub. Bu, təkcə kənd təsərrüfatına deyil, həm də içməli su təchizatına, sənaye və ekoloji tarazlığa ciddi zərbə vurur. Xarici ölkələrdən daxil olan suların bir qismi ekoloji baxımdan çirklənmiş olur. Sənaye tullantıları, kimyəvi maddələr və digər toksik elementlər çaylara qarışaraq Azərbaycan ərazisindəki su hövzələrinin keyfiyyətini aşağı salır. Bu, xüsusilə Araz çayı üçün aktualdır, çünki Ermənistan və İran ərazisində ciddi ekoloji nəzarət problemləri mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr