ABŞ-nin Nyu-York şəhərində silahlı hücum baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Nyu-Yorkun Manhattan bölgəsində silahlı bir şəxs atəş açıb.
Mənbələrdən əldə edilən məlumata görə, hücum zamanı biri polis əməkdaşı olmaqla, 2 nəfər güllələnib.
Nyu-York şəhərinin meri Erik Adams vətəndaşlara hadisə yerindən uzaq durmaları ilə bağlı xəbərdarlıq edib.
ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktor müavini Den Bonjino isə sosial şəbəkə hesabında verdiyi açıqlamada FBI əməkdaşlarının dəstək məqsədilə hadisə yerinə göndərildiyini bildirib.
Nyu-York Polis İdarəsi (NYPD) tərəfindən şəhərdə panikaya səbəb olan hadisədən qısa müddət sonra əhalini sakitləşdirən açıqlama verilib.
NYPD polis komissarı Jessica Tiş özünün "X" sosial şəbəkə hesabında paylaşdığı açıqlamada "Hazırda hadisə yeri nəzarət altındadır və təkbaşına hərəkət edən hücumçu zərərsizləşdirilib",- deyə bildirib.
Digər tərəfdən, ABŞ mediasının Nyu-York polisinə istinadən yaydığı xəbərlərdə hücum edən şəxsin Park küçəsində yerləşən bir binanın 33-cü mərtəbəsində intihar etdiyi bildirilir.
Hücum zamanı yaralanan şəxslərin sağlamlıq vəziyyəti barədə tam məlumat verilməsə də, polis əməkdaşının Weill Cornell Tibb Mərkəzinə, digər mülki yaralının isə Bellevue Xəstəxanasına aparıldığı qeyd olunub.
Sosial şəbəkələrdə yayılan təhlükəsizlik kamerası görüntülərində isə əlində uzun lüləli silah olan, qara eynək taxmış və buruq saçlı bir kişinin Park küçəsindəki 345 nömrəli binaya daxil olduğu görünür.