BAKI, 29 iyul. TELEQRAF
İrandan Naxçıvan Muxtar Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik keçirməkdə ittiham olunan Türkiyə vətəndaşı İbrahim Fatihin məhkəməsi başa çatıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1983-cü il təvəllüdlü İ. Fatih bu il aprelin 18-də Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə İrandan gələrkən saxlanılıb.
Avtomobildə Naxçıvandan tranzit keçməklə Türkiyəyə aparılan külli miqdarda narkotik vasitə aşkar olunub.
İstintaq orqanı tərəfindən İ. Fatih barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 25 ildir sürücü işləyir, Rusiya, Ukrayna, Bolqarıstan, Qırğızıstana ehtiyat avtomobil hissələri daşıyır. İdarə etdiyi yük nəqliyyat vasitəsi “Ateks Çelik” firmasına məxsus “Mercedes-Benz” markalı nəqliyyat vasitəsidir:
“Fevralın 18-də ehtiyat hissələrini yükləyərək Qırğızıstana yola düşdüm. Mart ayının ortalarında ora çataraq yükü boşaltdım. Sonra Türkiyənin Kahramanmaraş şəhərinə aparmaq üçün pambıq lifi yüklədim. Martın sonlarında yola düşdüm. İranda Adlamalı adlı yerə gəldim. Orada narkotikdən sərbəst istifadə olunur, bu səbəbdən TIR parkında narkotikdən vasitə istifadə edən 2 nəfər gördüm. Tanımasam da, onlara yaxınlaşaraq narkotik istədim. Həmin adamlardan 300 tümənə metafetamin, istifadə üçün şüşə kolba və ”saqqız” dedikləri “həşiş qətranı” aldım.
Yağış yağdığından islanmasın deyə metafetamini əynimdəki gödəkcənin cibinə, ”saqqız” deyilən həşiş qətranını isə nəqliyyat vasitəsindəki siyirməyə qoydum. İranda narkotikdən istifadə etdikdən 3 saat sonra gömrüyə çatdım. Narkotikin təsiri hələ məndə hiss olunurdu”.
Müttəhim qeyd edib ki, Azərbaycan gömrüyündə sənədləşmə üçün yaxınlaşanda gödəkcənin cibindəki narkotik vasitə yadına düşüb: “Onu üstümdən atmaq istəsəm də, kameralarda görünəcəyindən qorxaraq bunu etmədim. Yoxlama üçün X-Ray qurğusuna göndərilməmişdən əvvəl nəqliyyat vasitəsinin kabinindəki siyirməyə qoyduğum narkotiki corabımın içində gizlətdim.
Gömrükdə yoxlamadan əvvəl məndən qadağan olunmuş nəyinsə olub-olmaması soruşuldu. Cavabda heç nə olmadığını dedim. Avtomobilimdə heç nə aşkarlanmadı. Sonra gömrük əməkdaşı üzərimə şəxsi yoxlama keçirəcəyini söylədi. “Şahtaxtı” gömrük postunun şəxsi yoxlama otağına getdim. Gömrük əməkdaşı video-çəkiliş aparılmaqla üzərimi yoxlamağa başladı. Gödəkcəmin sol iç cibindəki siqaret qutusunun içərisindən 1 ədəd şəffaf paketdə kristal kütlə, 1 ədəd şüşə kolba, sol ayağıma geyindiyim corabın içərisindən isə 2 ədəd bükümdə saqqız və ya esrar adlandırılan kütlələr aşkar etdilər”.
Bu cinayət işinə Kəngərli Rayon Məhkəməsində baxılıb. Hakim Zülfüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
İ. Fatihin 3 il 5 ay müddətə azadlıqdan məhrum edilib.