Nəriman ƏBDÜLRƏHMANLI
1908-ci ildə təkcə Azərbaycanda yox, bütün Şərqdə opera janrının, 1913-cü ildə isə Rusiya imkeriyasında operetta janrının əsasını qoyan Ü.Hacıbəyov “Arşın man alan” əsərini Peterburq konservatoriyasında oxuduğu vaxt yazmış, konservatoriyanın rektoru A.Qlazunov əsəri “bütün Rusiyanın ilk və çox gözəl operettası” adlandırmışdı. Sonralar dünyanın 66 dilinə çevrilib, 76 ölkənin 187 teatrının səhnəsində tamaşaya qoyulan bu əsər Rusiyanın şəhərlərində o qədər məşhur idi ki, hətta “Arşın mal alan” adlı iaşə müəssisələri belə açırdılar. Qafqazı, Orta Asiyanı, Yaxın Şərqi fəth edən operetta populyarlığına görə “Leyli və Məcnun” operasını da xeyli ötmüşdü (Şahverdi K. “Arşın mal alan ulduzu”, “Azadlıq”, 2000, 14 iyul).
Operettanın ilk tamaşasına H.Ərəblinski quruluş vermiş, dirijorluğu M.Maqomayev etmişdi. Tamaşada baş rolları H.Sarabski (Əsgər), Ə.Ağdamski (Gülçöhrə), Ə.Hüseynzadə (Sultan bəy), Gülsabah xanım (Cahan), H.Terequlov (Süleyman), A.Olenskaya (Asya), H.Hüseynov (Vəli) oynayırdılar. Premyera 1913-cü il oktyabrın 25-də H.Z.Tağıyevin teatrında olmuş və sonsuz maraqla qarşılanmışdı. Cəmi iki il sonra da rus dilinə tərcümə olunmu, 1916-cı ilin iyununda elə həmin teatrın səhnəsində də yenicə fəaliiyətə başlayan rus musiqili teatrı komediyanı tamaşaçılara göstərilmiş, P.Amiraqonun başçılığı ilə qastrola gedən truppa əsəri Şimali Qafqaz şəhərlərində oynamışdı. Həmin vaxtdan da “Arşın mal alan”ın “erməniləşdirilməsi” cəhdləri ara verməmişdi. Amiraqo teatrının artistlərini öz tərəfinə çəkən Armenyan əsəri müəllifi göstərmədən Rusiyanın şəhərlərtində nümamiş etdirirdi.
Təbii ki, “Arşın mal alan”ın səhnədə qazandığı uğuru görən film istehsalçıları əsəri ekranlaşdırmaqla maddi maraq güdürdülər. Film istehsalı ilə məşğul olmaq niyyətlərini ortaya qoyandan “Filma” aksioner cəmiyyəti rəhbərliyi bu yönümdə dəfələrlə cəhd göstərmişdi. Nəhayət, görünür, “Neft və milyonlar səltənətində” filminin uğur qazandığını görən Ü.Hacıbəyov komediyanın ekranlaşdırılmasına icazə vermişdi. Beləliklə, 1916-cı ilin axırlarında rejissor B.Svetlov işə başladı (“Sovqat”, 1917, 4 yanvar).
Şübhəsiz, “Filma”nın rəhbərliyi və B.Svetlov “Arşın mal alan”ın mənsubiyyətini və əsərin səhnədə qazandığı uğuru nəzərə almaya bilməzdilər. “Neft və milyonlar səltənətində” filmində “müsəlman artisti Hüseyn Ərəblinskinin” iştirakının tamaşaçılar tərəfindən necə maraqla qarşılandığını görən “Filma” rəhbərliyi və rejissor Ü.Hacıbəyovun icazəsi əsasında operettanı lentə almaq qərarına gəlmişdilər. Tamaşaya baxan B.Svetlovu rolları ifa edən aktyorlar, o cümlədən, qadın obrazlarını yaradanları o qədər xoşuna gəlmişdi, ki, bütün truppanı filmdə çəkməyə qərarına gəlmişdi. M.Əliyevin şəhadətinə görə, “Arşın mal alan” filminin müqəddəratı ilə Hüseynqulu Sarabski məşğul idi, səhmdar cəmiyyəti və rejissor B.Svetlov ilə danışıqları o aparırdı. Əsərə səhnə həyatı vermiş aktyorlar arasında yetərincə tanınmış Ə.Hüseynzadə (Sultan bəy), H.Sarabski (Əsgər), M.Əliyev (Süleyman), H.Terequlov (Vəli), qadın rollarının ifaçıları Ə.Ağdamski (Gülçöhrə), Y.Nərimanov (Gülcahan) vardı, onlar əsərin ekran uğrunu təmin etməli idilər. Yalnız M.Əlili (epizodik) peşəkar ifaçı deyildi, Asya və Telli rollarını isə rus truppasının aktrisaları Y.Olenskaya və A.Olenskaya ifa edirdilər (“Azərbaycan filmlərinin kataloqu (1916-1990)”, Bakı, 1991, səh. 4).
Ancaq çox güman ki, Ü.Hacıbəyov ssenarinin yazılmasında və çəkilişlərdə iştirak etmədiyindən, rejissor B.Svetlov əsərin ruhunu başa düşməmiş, hadisələrin düzgün yozumunu verə bilməmişdi, bu da obrazların təhrif edilməsinə, süjet xəttinin pozulmasına, milli koloritin itməsinə gətirib çıxarmışdı. Quruluşçu-operator Q.Lemberqin Bakı küçələrində və pavilyonda apardığı çəkilişlər peşəkarlıq baxımından yüksək olsa da, filmin məzmun və mahiyyət itkisinin qarşısını almaq iqtidarında deyildi. Kinoşünas A.Dadaşovun qeyd etdiyi kimi, “…filmdə ədəbi mənbənin dramaturji qanunlara malik dəqiq strukturu fabulanı təqdim edə bilsə də, musiqi-ariya ifaçılarının susması əsərə dərindən bələd olub, nəğmələri əzbərdən oxuyan tamaşaçılarda maraq yarada bilmədi. Beləliklə, təsvirin əsasən süjet xətti üzrə qurulan kadrarası mətnlə kifayətlənən səssiz kinonun söz-səs məhdudluğu əsərin öhdəsindən gəlməyə, bədii həllini tapmağa mane oldu” (Dadaşov A. ““Arşın mal alan”ın ekran yolu”, “Az.press.az”, 2016, 10 avqust).
Tədqiqatçılar N.Sadıqov və Ə.Qulubəyov tammetrajlı ekran əsəri olan (7 hissədən ibarət idi) “Arşın mal alan” filminin ilk nümayişi 1917-ci il yanvarın 3-də “Forum” kinoteatrında olduğunu yazırlar. Salnaməçi Q.Məmmədli də bu barədə söhbət açır. Lakin həmin fakt Q.Belyakovun çəkdiyi eyni filmə şamil edildiyindən, biz başqa tarixi - həmin il aprelin 20-ni - qəbul edirik. Mətbuatın məlumatına görə, birinci seansların bütün biletləri bir neçə saat ərzində satılıb qurtarmışdı. Film səssiz olduğundan, kadrları xüsusi dəvət edilmiş sazandarlar və müğənnilər müşaiyət edirdilər. C.Qaryağdıoğlu və Keçəçi Ələsgər musiqi parçaları arasında ariyalar ifa edirdilər.
Amma film o qədər uğursuz alınmışdı ki, Bakı kinoteatrlarında cəmi 5 gün göstərildi. Filmin səviyyəsindən narahat olan Ü.Hacıbəyov və çəkilişdə iştirak etmiş aktyorların davamlı təkidlərindən sonra “Arşın mat alan”ın ilk ekranlaşdırılması kinoteatrlardan yığışdırıldı. Ü.Hacıbəyov “Kaspi” qəzetin yazdığı məktubda özünün və sənətdaşlarının narazılığını ifadə etmişdi (“Kaspi”, 1917, 8 yanvar).Lentlə bağlı M.Əliyevin şəhadəti çox maraqlıdır: “Balaxanıda “Arşın mal alan” tamaşasını oynayırdıq. Bir neçə yoldaş səhnə arxasında əyləşib söhbət edirdik. Hüseynqulu Sarabski yaxınlaşıb Üzeyir bəyin xahişini yetirdi, dedi ki, “gəlin “Arşın mal alan” filmini heç yaradıcılığımız hesab etməyək” (“Azərbaycan bədii kinosu (1920-1935-ci illər)”, səh. 13).
Tədqiqatçı A.Kazımzadə “Filma”da istehsal olunmuş filmin nümayişinin dayandırılması ilə əlaqədar “Forum” kinoteatrı müdiriyyətinin İ“Kaspi” qəzetində müdir A.Andreyevin imzası ilə geniş elan verdiyini (““Arşın mal alan”ın ilk ekran variantı”, “Mədəniyyət”, 2011, 13 may) yazır. Amma elan başqa bir “Arşın mal alan”la – Q.Belyakovun çəkdiyi variantla bağlıdır, bu, mətndən də aydın görünür.O, həm də qeyd edir ki, “...buna baxmayaraq, film sonradan bütün Qafqazda nümayiş etdirilmiş, tamaşaçılar tərəfindən maraqla qarşılanmış, yenidən Bakı tamaşaçılarına təqdim edilmişdi.
(ardı var)
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur