AZ

Trampın Putinə daha sərt ultimatumu: CNN Kremlin əsl reaksiyasını izah etdi

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı mövqeyini gözlənilmədən dəyişib. O, Şotlandiyanın Turnberri şəhərində yerləşən qolf-kurortunda Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşü zamanı Kremlin qarşısına qoyduğu əvvəlki 50 günlük vaxtı 10-12 günə endirdiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, CNN-in yazdığına görə, Kreml tərəfindən reaksiya isə hələ ki gözlənilən səviyyədədir.

"Bəli, mən bu gündən başlayaraq yeni müddət müəyyənləşdirəcəyəm – təxminən 10 və ya 12 gün. Gözləməyin mənası yoxdur. Mən səxavətli olmaq istəyirəm, lakin biz sadəcə heç bir irəliləyiş görmürük”, – deyə Tramp bildirib.

Ultimatum müddətinin bu qədər sərt şəkildə azaldılması onun səbəbləri və Rusiyaya mümkün təsirləri barədə suallar doğurub. Tramp əlavə edib: "Biz dəfələrlə düşünmüşük ki, bu məsələ artıq həll olunub, amma sonra prezident Putin çıxıb hansısa şəhərə – məsələn, Kiyevə – raket atır və qocalar evində və ya başqa bir yerdə bir çox insanı öldürür”.

Tramp yeni tariflər və sanksiyalar tətbiq etmək niyyətini bir daha təkrarlayıb:

"Sağlam düşüncə ilə belə nəticəyə gəlmək olar ki, razılaşma əldə edilməlidir. Fikrimcə, biz bu məsələyə hələ aydınlıq gətirəcəyik”.

Buna baxmayaraq, Moskva hələ də geri çəkilməyə hazır olduğunu göstərmir. Kreml bəyan edir ki, müharibə yalnız maksimalist məqsədlərə çatdıqdan sonra bitəcək – xüsusilə də Ukrayna ərazilərinə nəzarət və ölkənin xarici siyasətinə məhdudiyyətlərin məcburi şəkildə tətbiqi.

Rusiyada isə Trampın ultimatumunu skeptik şəkildə qarşılayıblar. Xarici işlər naziri Sergey Lavrov bu kimi bəyanatlara ironik yanaşaraq deyib:

"Əvvəl 50 gün deyirdilər! Ondan əvvəl 24 saat idi, daha əvvəllər 100 gün. Biz bunların hamısını artıq görmüşük”.

Siyasi analitik Sergey Markov isə Telegram kanalında daha sərt reaksiya verib:

"Rusiyanın Trampın ultimatumuna faktiki cavabı son 500 ildə bütün ultimatumlara verdiyi cavab olacaq: Rədd olun! Cəhənnəmə gedin!”

Trampın sanksiyalar strategiyasının effektivliyi ilə bağlı təkcə Moskvada deyil, ABŞ-da da şübhələr var. Xüsusilə də Rusiya neftinin Hindistan, Çin və ya Türkiyə kimi ölkələrə ixracına qoyulacaq məhdudiyyətlərlə əlaqəli mümkün ticarət müharibəsinin nəticələri müzakirə olunur. Belə addımlar qlobal neft və benzin qiymətlərində kəskin artıma, dolayısıyla isə qlobal inflyasiyanın güclənməsinə səbəb ola bilər.

Xatırladaq ki, iyulun 14-də Tramp Moskvaya 50 gün müddət vermiş və əks halda, Rusiya ilə ticarəti davam etdirən bütün ölkələrə qarşı 100%-lik "ikincili” tariflər tətbiq ediləcəyini bildirmişdi. Bu bəyanat Trampın Rusiya ilə bağlı ritorikasında kəskin dönüş nöqtəsi sayılırdı.

İyulun 28-də isə Tramp bir daha çıxış edərək Putinlə bağlı məyus olduğunu və artıq cavabını aldığını bildirib. Buna görə də əvvəlki müddəti 10-12 günə endirdiyini bəyan edib.

Politoloq Samuel Ramani qeyd edir ki, Trampın müəyyən etdiyi bu yeni atəşkəs müddəti – cəmi 10-12 gün – Ukraynadakı münaqişənin dinamikasını ciddi şəkildə dəyişə bilər.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
qaynarinfo.az

1Mənbələr