“Mən oradan çıxanda 13 yaşım vardı, indi isə 46 yaşım var. Bu illər ərzində o torpaqlardan, oradakı günlərdən o qədər danışmışam ki, övladlarım da o yerləri mənim qədər sanki tanıyır, sevir. İndi isə birlikdə gedirik yaşamağa”.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köç edən Amil Qurbanov deyib.
“Keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Fərəh, rahatlıq və böyük sevinc. Artıq evimə, doğulduğum torpağa qayıdıram. Bundan sonra başqa heç bir arzum yoxdur – ən vacib olanı gerçəkləşdi”, - deyə o əlavə edib.