AZ

Çimərliklərdə görünməyən təhlükələr - FOTOLAR

Yay fəsli bir çox insan üçün sevinc və istirahət deməkdir.

İsti havalarda sərinlənmək üçün əksəriyyət dənizə üz tutur. Zaman-zaman eşitdiyimiz bədbəxt hadisələrə baxmayaraq, dənizə olan maraq azalmaq bilmir.

"Cebheinfo.az" xəbər verir ki, Yurd.Media belə bədbəxt hadisələrin qarşısının alınması üçün Şıx çimərliyində səfərbər olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı reportaj hazırlayıb.

Xidmətin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru, kapitan Fərid İlhamoğlu bildirib ki, çimərlik seçərkən ilk növbədə orada xilasetmə xidmətinin olub-olmamasına diqqət yetirilməlidir:

“Bəzi çimərliklər olduqca təhlükəlidir. Ən böyük risk isə xilasetmə xidmətinin olmadığı ərazilərdə yaranır. Belə yerlərdə bədbəxt hadisə baş verərsə, dərhal müdaxilə etmək mümkün olmur. Ona görə həmin sahələrdə xəbərdaredici lövhələr qoyulur və vaxtaşırı vətəndaşlarla maarifləndirmə söhbətləri aparılır”.

Son illərdə Xəzər dənizində suyun çəkilməsi və daimi küləklər nəticəsində dənizin relyefi tez-tez dəyişir, yeni dərin və dayaz sahələr əmələ gəlir. Bu da çimərlikdə olanlar üçün əlavə təhlükə yaradır.

Batma hallarının əsas səbəbləri: sərxoşluq və nəzarətsiz uşaqlar

Fərid İlhamoğlu bildirir ki, batma hallarının əksəriyyəti iki səbəblə baş verir:

“Ən çox hadisələr spirtli içki qəbul edərək dənizə girən şəxslər və valideyn nəzarətindən kənarda qalan uşaqlar arasında baş verir. Uşaqlar təhlükəni anlamır, xəbərdaredici nişanlardan kənara çıxaraq dərin sulara və ya sualtı riflərə düşürlər. Bundan əlavə, axşam saat 20:00-dan sonra dənizə girmək qadağandır. Xilasetmə xidmətləri yalnız səhər saat 08:00-dan axşam saat 20:00-a qədər fəaliyyət göstərir”.

Kapitan əlavə edib ki, mövcud qanunvericiliyə əsasən, axşam saat 20:00-dan sonra kiçik həcmli gəmilərin dənizə çıxması da qadağandır və bu halda FHN əməkdaşlarına belə müdaxilə səlahiyyəti verilmir.

Kapitan F. İlhamoğlu diqqətə çatdırıb ki, bəzən məhz üzməyi bacaran şəxslər təhlükəyə düşür:

“Onlar nişanlardan kənara çıxaraq dərin və ya axınlı sahələrə daxil olurlar. Panikaya düşən insan qorxu ilə hərəkət etməyə başlayır, bu da boğulma riskini artırır. Halbuki dəniz suyu şor olduğu üçün bədən təbii olaraq suyun səthində qalır. Sadəcə sakit qalmaq və bədəni sərbəst buraxmaq lazımdır”.

Azərbaycanda dalğıc və xilasetmə qrupları ilboyu fəaliyyət göstərir

Hazırda ölkə üzrə 45 xilasetmə məntəqəsi mövcuddur. Onlardan 37-i sularda xilasetmə, 8-i isə dalğıc-axtarış məntəqələridir. Xilasetmə əməkdaşları gündəlik olaraq çimərliklərdə monitorinq aparır. Dalğıc-axtarış qrupları isə batma hadisəsi baş verən zaman dərhal axtarışlara cəlb olunur.

“Əksər ölkələrdə batmış şəxsin cəsədi üçün axtarış maksimum 72 saat davam edir. Amma Azərbaycanda biz axtarışları cəsəd tapılana qədər davam etdiririk. Bu, bizim mentalitetimiz və insani dəyərlərimizlə bağlıdır”, – deyə F. İlhamoğlu vurğulayıb.

Bakı Dalğıc Axtarış Qrupunun rəisi Elvin Mirzəyev bildirib ki, bu peşənin çətinliyi yalnız fiziki deyil, həm də psixoloji aspektlərlə bağlıdır:

“Batan şəxsi axtararkən onun ailə üzvləri tərəfindən böyük emosional təzyiqlə qarşılaşırıq. Bu isə işimizi daha da çətinləşdirir. Su altında qalma müddəti məhduddur, əməkdaşların fasilə etməsi vacibdir. Amma yaxınlar bunu bəzən başa düşmür”.

Qeyd edək ki, bu ilin çimərlik mövsümünün açıldığı 15 iyun tarixindən bəri FHN-in əməkdaşları artıq boğulma təhlükəsi ilə üzləşmiş 50-dək vətəndaşı xilas ediblər. Xidmət əməkdaşları vətəndaşları diqqətli və ehtiyatlı olmağa, təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırlar.

"Cebheinfo.az" 

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr