BAKI,TurkicWorld
İraq Baş naziri Məhəmməd Şia Əl-Sudani, ölkəsinin İsrail-İran qarşıdurması dövründə neytrallığını qorumağı bacardığını və ABŞ ilə münasibətləri gücləndirmək istədiklərini bəyan edib.
AzerVoice xəbər verir ki, o, həmçinin İranla əlaqəli silahlı qrupların fəaliyyətlərinə qarşı tədbirlərin davam etdiyini açıqlayıb.
Sudani bildirib ki, ABŞ və İran kimi bir-biri ilə ziddiyyətli aktorlarla balanslı siyasət yürütməkdə qərarlıdır. Onun sözlərinə görə, İrana bağlı silahlı qrupların İsrail və ABŞ bazalarına hücumlarının qarşısını almaq üçün 29 təhlükəsizlik əməliyyatı həyata keçirilib.
Sudani xatırladıb ki, Bağdad və Vaşinqton arasında 2023-cü ildə İŞİD-ə qarşı koalisiyanın missiyasının başa çatdırılması barədə razılıq əldə edilib. Bu prosesin birinci mərhələsinin 2025-ci ilin sentyabrına qədər yekunlaşacağı gözlənilsə də, hazırda ciddi irəliləyiş yoxdur. Baş nazir ilin sonuna qədər ABŞ ilə təhlükəsizlik əməkdaşlığının yenidən tənzimlənməsi üçün yeni görüş keçiriləcəyini bildirib.
O, eyni zamanda ABŞ-dan neft, qaz və süni intellekt sahələrində sərmayə gözləntisini dilə gətirib.
Sudani üçün ən mürəkkəb mövzulardan biri İranın dəstəklədiyi Haşdi Şabi təşkilatının statusudur. 2016-cı ildə bu qüvvələr formal olaraq İraq ordusuna tabe edilsə də, praktikada müstəqil fəaliyyət göstərməkdə davam edirlər.
Vaşinqton parlamentdə müzakirəyə çıxarılan yeni qanun layihəsinin İran təsirini rəsmi səviyyəyə daşıyacağından narahatlıq ifadə edib. Sudani isə qanunun məqsədinin bu qüvvələri dövlət nəzarətinə almaq olduğunu vurğulayıb.