AZ

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Ana dilimiz mənəvi pasportumuz, ruhumuz, əbədiyyət rəmzimizdir

«Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik»
Ümummilli Lider Heydər Əliyev,

Ana dilimizi  milli dövlətçiliyimizin başlıca rəmzləri kimi dəyərləndirən,  doğma dildə poeziyamızın klassik nümunələrini yaradan sərkərdə, görkəmli şair Şah İsmayıl Xətai gənclərə nəsihətində yazırdı: «Vətənin bir ovuc torpağını bir ovuc altundan, dilimizin bir kəlməsini bir ölçü mücəffərdən üstün bildim. Dilimizin və Vətənimizin əbədiyyən yaşaması üçün əlimdən gələni etdim. Məni lənətlə yad etməyin. Yaxşı nə etdimsə  davam etdirin, xətalarımı təkrar etməyin… Atalar sizə üç əmanət qoyublar: Dilimiz, qeyrətimiz, Mətənimiz.»

«Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda  arzu edirik ki,  hansı qitə , hansı ölkədə  yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də  mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin» söyləyən Ulu Öndər Heydər Əliyevin xalqları  birləşdirən dilimizin saflığının qorunmasındakı xidmətləri də  əvəzsizdir. «Müstəqil  Azərbaycan dövlətinin  əsas ideyası azarbaycançılıqdır», «Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var», «Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik», «Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb»  söyləyən Ulu Öndərin ən dəyərli tövsiyələrindən biri də bu idi ki,   xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli,  müstəqilliyimizin başlıca rəmzləridən olan dilimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.

…XIX- XX əsrlərdə dəfələrlə latın qrafikalı əlifbaya keçmək üçün səylər göstərilmişdir. Tarixdən də bəllidir ki, müxtəlif zamanlarda  təzyiq və təsirlərə  məruz qalmışlar. Ötən əsrin  30-ci illərində dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər.Azərbaycan dilinin əlifba islahatları dramaturq M.F.Axundov kimi   digər maarifçi  ziyalıları da  düşündürmüş, bu istiqamətdə  müəyyən addımlar atılmışdır. 1922-ci ildə  Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin  yaradılması, yeni tərkibə  Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin  tapşırılması bu istiqamətdə atılmış ilk addım olsa da bu təşəbbüs uzun sürmədi.  1 yanvar 1940-cı ildən latın əlifbası  kiril yazısı əsasında  tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Kiril qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi bir daha ziyalıları  əlifbanın təkmilləşdirilməsi yolunda   düşünməyə vadar etdi.

Türk dünyasının birliyini təmin edəcək bu missiyanı yerinə yetirmək isə uzaqgörən siyasətçi, ən böyük azərbaycanlı  Ulu Öndər Heydər Əliyevə  nəsib olmuşdur.  70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 1993-cü ildə  hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi  məsuliyyətlə yanaşan  Ümummilli Lider Heydər Əliyev  ziyalılarla görüşü zamanı  dilimizin taleyi  ilə əlaqədar geniş müzakirə apardı. Süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Ümumi razılaşmaya əsasən, Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi Sərəncamla Dil Komissiyası yaradıldı.  Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli- mədəni  özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi. Milli-mənəvi dəyərlərimizin qorunmasında  xüsusi xidmətləri olan  Ulu Öndərin imzaladığı «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» (18 iyun 2001-ci il), «Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanunu» (30 sentyabr 2002-ci il) və « Azərbaycan  Respublikasında dövlət dili haqqında  Qanunun tətbiq edilməsi barədə» (2 yanvar 2003-cü il) fərmanlarının həyata keçirilməsi ilə    ədəbi dilimizin fəaliyyət imkanları daha da  genişləndirilmiş,  üslub potensialları təkmilləşdirilmiş, nitq mədəniyyətimizin qarşısında  yeni üfüqlər açılmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olan, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: «Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.» 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Ulu Öndər  9 avqust  2001-ci ildə  «Azərbaycan əlifbası və Azərbaycan  dili gününün təsis edilməsi haqqında» Fərmanı imzalamaqla latın qrafikalı əlifbanın  daha geniş miqyasda işlədilməsini təmin etdi. Həmin fərmana əsasən hər il 1 avqust tarixi  Azərbaycan  Əlifbası və Azərbaycan  Dili Günü kimi qeyd edilir.

Dilimizin inkişafında, təkmilləşməsində, saflığının qorunmasında fədakarlıq göstərən Ulu Öndərin xidmətlərini yüksək dəyərləndirən və dil siyasətini davam etdirən, «Dil siyasətində  sərhəd məhdudiyyəti yoxdur» ideyasına sadiq qalan  Prezident İlham Əliyev « Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib  prioritetləri müəyyənləşdirdi.  Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında  «Azərbaycan ədəbiyyatının virtual kitabxanası» yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki,  «elektron hökumət», «elektron dərslik», «elektron kitabxana» terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. «Azərbaycan Milli Ensklopediyanın nəşri haqqında» Sərəncam imzalandı.

    Dünya Azərbaycanlılarının,  türk  dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq,  və əməkdaşlıq qurultaylarında, türkdilli  ölkələrin dövlət başçılarının zirvə toplantılarında irəli sürülən təklif və təşəbbüslər əsasında da   türk birliyinin  gücləndirən oxşar dil və əlifbadan istifadə əsas amil kimi diqqətdə saxlanıldı.  Yekdil qərar əsasında yaradılan TÜRKSOY-un təklifinə əsasən türkdilli akademiyanın təsis olunması təşəbbüsünün əsasında da  oxşar və ortaq dəyərlərə malik  xalqların birlik, həmrəylik istəkləri dayanır. Bu gün artıq  işlək qurum kimi fəaliyyət göstərən  Türkdilli Dövlətlərin Parlament Assambleyasının türk dünyası  birliyinin möhkəmləsində xidmətləri əvəzsizdir. Türk dövlət və  cəmiyyətləri arasında  qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi  məqsədilə ortaq əlifbanın, ortaq türk televiziyasının yaranmasıını əsasında da  ünsiyyət vasitəsi olan dil amili dayanır. «Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik» sözləri ilə dilimizin saflığına  dəyər verən Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan dilinin qloballaşma şəraitində  zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın qəbulunda da məqsəd Azərbaycan dilinin istifadə coğrafiyasını genişləndirmək, dilimizi yad təsirlərdən qorumaq, dünya dilləri qrupunda mövqeyini möhkəmləndirməkdir. Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”», eləcə də 2007-ci il 30 dekabr tarixli «Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında”» sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan dövlət başçımızın imzası ilə   «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»”nın  təsdiqi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə idi  Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında»” Fərmanı ana dilimizə daha bir qayğının ifadəsi oldu.

«Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi   həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir»  söyləyən  Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir: «Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.»

Zənginliyi baxımından  dünya dilləri arasında xüsusi yeri  olan Azərbaycan  dilinin saflığının qorunması üçün göstərilən səylər ana dilimizə sədaqət, vətəndaşlıq borcumuzdur.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
0
ikisahil.az

1Mənbələr