AZ

Ailələr arasında qarşıdurma yaradan CEHİZ – Məcburiyyət, yoxsa müasir dövrün maddi ÖHDƏLİYİ?

Müasir dövrdə ailə qurmaq istəyən gənclər bir sıra sosial və iqtisadi çağırışlarla üz-üzə qalırlar.

Bu çətinliklər arasında hələ də öz aktuallığını qoruyan cehiz gətirilməsi adəti də var. Qız ailəsinin müxtəlif məişət əşyaları, mebel və digər ləvazimatları təqdim etməsi ilə müşayiət olunan bu ənənə, bir çox hallarda ailələr arasında mübahisə və gərginlik mənbəyinə çevrilir.

Belə olan halda haqlı sual yaranır: cehiz ənənəsi bu gün nə dərəcədə məntiqli və cəmiyyət üçün faydalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Günay Ağamalı bildirib ki, təəssüf doğuran məqam odur ki, bu gün cehiz gətirilməsi tarixi və mədəni dəyərindən uzaqlaşaraq, daha çox  sosial təzyiq və maddi yük kimi qəbul olunur:

“Əslində, bu adətin mahiyyəti ailə birliyinə dəstək göstərmək idi. Lakin günümüzdə bəzi hallarda cehiz tələbi ailələr arasında narazılıq, hətta qarşıdurma yaradır. Ailə qurmaq iki insanın qarşılıqlı hörmət və sevgisinə əsaslanan faydalı birlikdir. Bu birliyi cehizlə ölçmək doğru deyil. Cehiz gətirilməsi seçim ola bilər, amma bu heç bir halda məcburiyyətə çevrilməməlidir”.

  Deputatın fikrincə, sağlam və davamlı ailə modelinin formalaşdırılması üçün əsas prioritetlər gənclərin mənəvi və intellektual inkişafına yönəlik addımlar olmalıdır:

  “Qız uşaqlarını cehizlə yox, biliklə, savadla ailə həyatına hazırlamaq güclü ailə təməlinin atılması deməkdir. Cəmiyyət olaraq diqqətimiz maddiyyatdan çox mənəvi və sosial dəyərlərin aşılanmasına yönəlməlidir”, - deyə o, bildirib.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr