Adelet.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
( Qafar Cəfərli və Xatirə Xatunun Lənkəran şəhidlərinə həsr olunan “Payızın 44 anı” kitabı ətrafında düşüncələr )
Yeni kitab alanda çox sevinirəm, oxumağa tələsirəm. Düşünürəm ki, kitabxanam dah da zənginləşir, söz xəzinəm çoxalır, kəsə yeni söz eşitdim,yeni fikir, yeni təfəkkür.
Mən təzə kitablardan bahar ətirli, yaz duyğulu nəfəs alıram.Poetik dillə, publisistik ruhla, fəlsəfi dərinliklə yazılan yazılar, istər iri həcmli olsun, istərsə də lirik parçalar- həssasqəlbli, incə duyğulu, geniş təxəyüllü, istedadlı qələm sahiblərinə məxsus olanda qiyamət olur. Bu dəfə Qafar Cəfərlinin mənə bağışladığı iri həcmli “Payızızn 44 anı” kitabı baharduyumlu olmasa da oxudum, fikrə daldım, kədərli notlarla yükləndim. Altmış üç qəhrəman şəhidin şücaətinə, qeyrətinə ,vətən sevgisinə,pak düşüncəsinə,vətən torpağını azad etmək diləyinə həsr olunmuş bu nəfis kitab şəhidlərə deyilmiş elegiyadır və bənzərsiz bir istəkdir, şəhidlərin ömrünü yaşatmaqdır, onları əbədi olaraq yaddaşa yazmaqdır. Yazmaq dedik, ər biləkli, saf diləkli fədakar şəhidlərimiz mərdlik yolu keçərək elə bir uca zirvəyə ucalırlar ki, misli bərabəri yoxdur. Vətəni, xalqını, yurdunu dərin məhəbbətlə sevən, yurdunun qeyrətini çəkən, döyüş anında ölüm qorxusunu tərk edən qəhrəmanların hər addımını söz-söz , sətir-sətir yazan müəlliflərdən başqa müəlliflərə nəsib olmayan yaşantılar, duyum, təmkin, istedad, ifadə tərzi tələb olunur. Və belə keyfiyyətləri bu kitabı oxuyarkən hiss etdim.
“Payızın 44 anı ” kitabını oxuduqca həm sevindim, həm də kədərləndim. Özümü bir anlıq ata-anaların gözləri yol çəkən uşaqlarınata-anaların yerində hiss etdim. Kitabın həmmüəllifləri Qafar Cəfərli və Xatirə Xatunun ürək çırpıntılarını, həyacanlarını, dözümünü və iradəsuini gördüm. Otuz ilə yaxın bir dövrdə yağı tapdağı altında qalan elləri, obaları, Qarabağın azadlığı uğrunda can əsirgəməyən qəhrəman oğullarımızın Vətənə, yurda qırılmaz tellərlə bağlı olduğunu, bənzərsiz, şücaətini, onlara sevgisini gördüm.
Kitabda 63 nəfər Lənkəranlı şəhidin qəhrəmanlığı təsvir edilmişdir. “Şəhadətin çağırdığı ünvan” adlı ilk oçerkdə 22 yaşında o uca zirvəyə ucalmış Murad Abbasovun cəbhədə göstərdiyi qəhrəmanlığa güzgü tutulur. Xatirə Xatunun şair kimi iti qələmi, cəsarəti onun yazdığı oçerklərdə də hiss olunur. Onun qələmə aldığı oçerkdə Muradın yaşadığı həyat yolu ilə bizi tanış edir, vətənpərvərliyini, cəsarətini, qələbə soraqlı arzularını diqqətə çatdırır. Yazır ki, Murad və onun kimi igidlərimiz ona görə vətənin səsinə səs verib ayağa qalxaraq ölümün gözünə dik baxdılar ki, üstümüzdən “torpağı işğalda olan xalq” adı götürülsün.
Murad kimi oğullar ona görə şəhid olurlar ki, bu gün ataların beli qəmdən bükülsə də sabah balaları alnı açıq, üzü ağ yaşasınlar. Bu amal, bu əqidə uğrunda dünyadan gedənlər kim deyir ki, ölə bilər. Onlar ölmədi, yer üzündən ürəyimizə köç elədilər...
Şəhidləri xatırladan elegiyadır kitabdakı yazılar. Hər bir yazı onların keçdiyi döyüş yoluna, qəhrəmanlığına yazılmış kiçik dastandır,bitib tükənməyən dastandır, fədailəri yaşadan xronikalardır.
Yazıçı dramaturq, Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri Qafar Cəfərli Qarabağın azad olunmasını tərənnüm edən çoxlu bədii və publisistik əsərlər yazıb çap etdirmişdir. Yazıçı Vətən müharibəsinin qəhrəmanlarının, onların Azərbaycan sevgisini, vətənpərvərliyini, torpaq uğrunda cəsarətlə vuruşaraq şəhadətə qovuşmasını böyük ilhamla qələmə alır.
“Payızın 44 anı” kitabında yazıçının bir neçə sanballı oçerki əksini tapıb. Vətənə qurban getmiş İqbal Bayramova həsr etdiyi “Şəhid komandir” adlı oçerki maraqlı olduğu qədər oxucuya gerçək təsir bağışlayır. 1977-ci ildə Lənkəranın Hirkan qəsəbəsində doğulmuş İqbal Azərbaycan Dövlət NeftAkademiyasını “leytenant” hərbi rütbəsi ilə bitirdikdən sonra Ağdam, Tərtər istiqamətindəki cəbhə bölgəsində tağım komandiri kimi xidmətə başlayıb. 2001-ci ildə “baş leytenant” rütbəsi ilə ehtiyata buraxılıb. 2004-cü ildən DİN-nin Daxili Qoşunlarında xidmətə qəbul olunub. Hərbi hissələrdə bölük komandirinin müavini, bölük komandiri, qərargah rəisinin müavini, qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifələrində xidmət edib. Bir neçə medala layiq görülən İqbal Bayramov 2018-ci ilin fevral ayında “mayor” rütbəsi ilə ehtiyata buraxılır. Tovuz hadislərindən sonra könüllü olaraq hərbi xidmətə keçmək istəməsi barədə müvafiqquruma müraciət edir. SHXÇ DX-nin Lənkəran Şöbəsinə ərizə yazaraq 26 sentyabr 2020-ci ildə Müdafiə Nazirliyi sistemində hərbi xidmətə qəbul olunur. 5 oktyabr 2020-ci ildə Zəngilan istiqamətində şiddətli döyüş zamanı şəhadətə yüksəlir. Bütün bunlar İqbalın hərbi işə bağlılığını, Vətənin işğal altındakı ərazilərini azad etmək üçün canını belə əsirgəmədiyini göstərir.
Kitabda yer alan digər şəhidlər: Zaur Ağalı, Ülfət Babazadə, Hüseyn Bəşirzadə, Valeh Əkbərzadə, Ramid Əliyev, Əflatun Fərəcov və onlarla qeyriləri barədə Qafar Cəfərlinin yazdığı oçerklər də məzmunu, əhatəliyi, səmimiliyi ilə oxucu qəlbinə yol tapır, onlarda şəhidlərin ölməz ruhuna hörmət və ehtiram hisslərini daha da yüksəldir.
Kitabda Ağamir Cavadın yazdığı”Su ömrü”, Əlisəfa Həsənovun qələmə aldığı “Murov qartalı”, Pərvanə Əliyevanın “Şəhidlik zirvəsindən Vətən görünür”, Esmira İsmayılovanın “Hay ver mənə, cənab leytenant!” və s. adlı yazılarını həyacansız oxumaq mümkün deyil.
Kitabın diqqət çəkən ən mühüm cəhəti, eyni məzmunlu digər kitablardan fərqləndirən əsas fərqi ondadır ki, burada şəhidlərin yalnız tərcümeyi-halı deyil, onların anadan olandan şəhid olana kimi həyatlarının ən önəmli halların, hadisələrin, həmçinin səngər yoldaşlarının, ailə üzvlərinin, dostların da fikir və düşüncələrinin qələmə alınmasıdır ki, bu da kitabı daha oxunaqlı, daha yaddaqalan edir.
Kitabda əməkdar jurnalist, şair Elçin Mirzəbəyli “Qarabağda qovuşan qan” adlı girişdə qeyd edib ki, qəhrəman oğullarımız müqədəs savaşa getdilər və zəfərlə qayıtdılar, tarix yazdılar, tarixə yazıldılar:
Keçilməz yollardan vurub keçdilər,
O qaya igidlər, o dağ igidlər.
Üçrəngli bayrağa könül bağlayan,
Bayraqla ucalan bayraq igidlər.
Mənim şəhid kitablarımın birində mərhum şair publisist Allahverdi Məmmədli “Ölsəm, inanma!” kitabıma son söz əvəzində yazıb ki, o (yəni İ.Ş) Azrbaycan adlı andımızı yaşatmaq üçün can fəda edən oğullara qələm kağızla nəfəs vermək, onları gələcək qəhrəmanlarımıza tanıtmaq üçün çox gərəkli bir missiyanı yerinə yetirir.
Kitabın müəllifləri şəhidlik zirvəsinə ucalanların yarımçıq ömrünü tamamlamaq, sona çatdırmaq istəmiş, bununla da son dərəcə əhəmiyyətli bir vəzifəni yerinə yetirmişlər. Qəhrəmanların yolunu gələcək nəslə həvalə etmişlər.
Şəhidlərimizi Qafar Cəfərlinin və Xatirə Xatunun kitabda oxuculara olan müraciəti ilə bitirmək istəyirəm: ”-Əziz dostlar! Inanırıq ki, əlinizdə olan kitabı səbirlə oxuyub şəhidlərimizin ömür yolundan xəbər tutacaq, dünənə kimi ətrafımızda gördüyümüz, bu gün isə ən uca məqamda qərar tutan həmyerlilərinizlə fəxr edəcəksiniz. İnanırıq ki, şəhidlərimizin işıqlı xatirəsinə həsr olunmuş bu kitab şəhid ailələrinə bir təskinlik olacaq, övladlarının ölməz xatirəsinin əbədiləşdirilməsində açar rolunu oynayacqdır.”
İDRİS ŞÜKÜRLÜ
Azərbaycanın əməkdar jurnalisti, yazıçı publisist.
10.07.2025.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.