Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan komandası üçün Olimpiya Festivalında qazanılan nəticəni qənaətbəxş hesab edirik. Amma düşünürük ki, nəticə bundan da yaxşı ola bilərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) İdman idarəsinin müdiri Həsənağa Rzayev Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində keçirilən XVIII Avropa Gənclər Olimpiya Festivalını (EYOF) 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vuran Azərbaycan idmançılarının çıxışlarını dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan komandasının indiyədək EYOF-da bundan da yaxşı nəticələri olub: “2007-ci ildə Belqrad şəhərində 7 qızıl medala yiyələnmişdik. Onlardan dördü cüdoda, üçü isə atletika yarışlarında əldə olunmuşdu. Cüdo bizdə dayaq idman növü kimi qiymətləndirilir. EYOF-da hər zaman ən yüksək nəticələrimiz cüdoda olub. Ötənilkilərlə müqayisədə bu dəfə atıcılarımız da uğurlu çıxış etdilər. Gimnastlarımız da özlərini yaxşı tərəfdən göstərdilər. Onlar finala yüksəlmələrinə baxmayaraq, zədə və başqa səbəblərdən mükafatçılar sırasına düşə bilmədilər”.
MOK rəsmisi bildirib ki, EYOF-dakı uğurlar gənc idmançılar üçün Olimpiya hədəflərinə çatmaq baxımından əhəmiyyətlidir: “Dostluq, hörmət, həmrəylik kimi Olimpiya dəyərlərini xüsusi vurğulamaq istərdim. Belə turnirlər sayəsində idmançılara yeniyetmə yaşlarından bu dəyərlər aşılanır. Atletlər kəndində qalır, bir çox idmançılarla ünsiyyətdə olurlar. Görürlər ki, ab-hava tamamilə fərqlidir. Yeni dostluqlar, yaxşı münasibətlər yaranır, əlaqələr genişlənir. Bununla da böyük təcrübə toplayırlar. Belə turnirlər gənc idmançılarımızın gələcəkdə Olimpiadalarda daha sərbəst və inamlı iştirak etmələrinə şərait yaradır.”.
Qeyd edək ki, “Skopye-2025”də Avropanın 50 ölkəsindən 14-18 yaşarası 4 mindən çox idmançı 15 növ üzrə mübarizə aparıb. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.