Bakı, 29 iyul, AZƏRTAC
Yeni mövsümdə Azərbaycanı basketbol üzrə Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions" komandasının amerikalı oyunçusu Obri Makelpin AZƏRTAC-ın suallarını cavablandırıb. O, yeni mövsüm və komandasının gələcək hədəfləri barədə danışıb. Müsahibəni təqdim edirik.
- “Abşeron Lions” basketbol komandası tarixində ilk dəfə Avropa Kubokunda iştirak edəcək. Təəssüratlarınızı bilmək maraqlıdır...
- Klub rəhbərliyi bizə inandı, Avropa səhnəsində yer almaq üçün böyük addım atdı. Avrokuboklarda oynamaq möhtəşəm hissdir. Biz insanlarda yaxşı təəssürat oyatmaq və özümüzü dünyaya tanıtdırmaq istəyirik.
- Turnirin ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə üz-üzə gələcəksiniz. Şansları necə qiymətləndirirsiniz?
- "Anortosis"lə döyüşə hazır olacağıq. Yaxşı komandamız və məşqçilər heyətimiz var. İnanıram ki, mərhələni keçə bilərik. Bakıya geri döndükdən sonra məşqlərə start verəcək, rəqib haqqında müəyyən analizlər aparacağıq.
- Kipr basketbolu haqqında məlumatınız var?
- Onlar sürətli oyun nümayiş etdirirlər. Kipr komandaları yüksək tempdə oynamağı sevir.
- Yeni mövsümü üçün hazırlıqlara nə vaxt start verəcəksiniz?
- Mən avqustun 13-ü və ya 14-ü Bakıya gələcəyəm. Yəqin ki, bundan sonra toplanışa başlayacağıq. Qarşıdakı həftələrdə "Anortosis"in keçmiş oyunlarını izləyəcəyik.
- Yeni mövsümdə Azərbaycan Basketbol Liqasındakı hədəfləriniz nə olacaq?
- Bütün titulları qazanmaq istəyirik. Əgər bir oyunçunun və ya komandanın məqsədi yoxdursa, niyə mübarizə aparsın? Ötən mövsüm dördüncü olduq. Bu il isə hədəfimiz daha yüksəkdir. Addım-addım irəli getmək niyyətindəyik.
- Azərbaycan və Bakı haqqında fikirləriniz necədir?
- Artıq burada üçüncü mövsümü keçirirəm. Bakı mənim evimdir. Azərbaycanda yaxşı dostlarım var. Ümumiyyətlə, şəhər sakit və rahatdır. Azərbaycan yeməklərini çox bəyənirəm.