Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fermer Şahin Nəcəfli Qida Təhlükəsizliyi Agentliyini (AQTA) sərt şəkildə tənqid edib. O, hazırda Rusiya ilə münasibətlərin gərginləşdiyi dövrdə belə Rusiyaya məhsul ixrac edən sahibkarların qarşısında tək maneənin məhz AQTA olduğunu bildirib.
O, qeyd edib ki, Rusiya gömrüyü Azərbaycan məhsullarına qarşı hal-hazırda heç bir ciddi problem yaratmır. Ş.Nəcəfli Rusiyaya məhsul ixrac edən fermerlə söhbətindən sitat gətirir: “Pomidor və ya meyvələrdə hansısa xəstəlik bəhanəsi ilə bizi incitdiklərini deyə bilmərəm. Hazırda yeganə əngəl Qida Təhlükəsizliyi Agentliyidir".
“Heç bir məmur bizə açıq şəkildə “mən qoçuyam, haqq verməlisən” demir. Amma hər qurum əvvəlcə öz marağına uyğun qanunları qəbul etdirir, sonra da sahibkarın ətrafında “qanun” adı ilə hörümçək toru qurur. O tora ilişmək istəməyən sahibkar isə “ağıllı” olmalı, qanunun sərt yox, “şəfqətli” üzü ilə qarşılaşmalıdır", - fermer əlavə edib.
Onun sözlərinə görə, AQTA üçün bir tərəfdə dövlətin yazdığı qanunlar varsa, digər tərəfdə sahibkarlar üçün qoyulmuş “oyun qaydaları” var:
“Əgər bu qaydalara tabe olmasan, yetişdirdiyin məhsullar onların “qanun” adlı toruna ilişib, məhv olur".
Fermer Prezidentin sahibkarların incidilməməsi və qanunsuz yoxlamaların dayandırılması ilə bağlı çağırışını da xatırladaraq bildirib ki, əvvəllər sahibkarları 20-25 qurum yoxlayırdısa, indi yalnız bir qurum – AQTA qalıb, amma bu qurum əvvəlkilərin əvəzini çıxmağa çalışır: “Hər gün bir yeni rüsum, ödəniş, töycü fikirləşib tətbiq edirlər – kağız pulu, mürəkkəb pulu, möhür pulu... Dövlət idarələrində bu rüsumlara nəzarət niyə yoxdur? Bir vaxtlar 100 manata başa gələn sənəd indi 1000 manata çıxır. Adını da ‘rəsmi ödəniş’ qoyurlar. Bəs bu rəsmi ödənişin sərhədi, məntiqi hanı?”
Fermer vurğulayıb ki, dövlət qurumları publik hüquqi şəxs adı altında kommersiya qurumlarına çevriliblər və bu sistemdə sahibkarlar az qala “düşmən” obrazında təqdim olunur: “Dövlət məmurunun arxasında hansısa Həsən ağalar və ya hökumət dayanır. Bəs sahibkarın arxasında kim var? Axı dövlət iş adamlarının çiynində dayanır. İş adamının dizinə mıx çalmaq dövlətə xəyanətdir. Bu xəyanətin adını rüşvət qoyublar. “Dinmə, ver” siyasəti ilə iqtisadiyyat inkişaf edə bilməz".
“Hökumət bizi AQTA-ya tapşırsın, Rusiya tərəfi ilə özümüz dil taparıq. Problem Rusiya deyil, problem buradadır", - fermer nöqtəni qoyub.
Rasim Əliyev
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.