AZ

 Makron yanıb-yaxıldıqca...

İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri, Fransa-Ermənistan dostluq qrupunun sədri, Azərbaycan əleyhinə  fəaliyyətinə görə Fransanın erməni icması tərəfindən “Cəsarət” medalı ilə təltif olunmuş Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən qərəzli qətnamə təşəbbüsünü irəli sürüblər. Qətnamədə qondarma məfhumlara yer verilir, ərazilərdən köçmüş ermənilərin vəziyyəti ilə əlaqədar çoxsaylı “narahatlıq”ların olduğu qeyd olunur.  Halbuki, erməni əsilli şəxslər həmin əraziləri könüllü tərk ediblər. Bu faktı təsdiq edən kifayət qədər faktlar da mövcuddur. Həmçinin Azərbaycan tərəfindən saxlanılan “siyasi məhbuslar olan erməni hərbi, siyasi və mülki şəxslər” üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir, onların qeyd-şərtsiz dərhal azad olunmaları tələbi irəli sürülür. Halbuki, hazırda Azərbaycanda məhkəmə istintaqına cəlb edilən ermənilər Azərbaycan ərazisində hərbi təcavüz, müharibə cinayətləri, terrorçuluq və s. kimi cinayətlər törətməkdə təqsirləndirilirlər. Onların müvafiq hüquqları təmin edilir, məhkəmə prosesi şəffaf aparılır. Şübhəsiz, qətnamədə bu cür iddiaların irəli sürülməsi suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyildir. Sonda isə Milli Assambleya tərəfindən Azərbaycanın əleyhinə yönəlik 7 bənd irəli sürülür. Həmin bəndlərin birində Ermənistan Respublikası ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasını mümkün qədər tez başa çatdırmaq və imzalamaq əksini tapıb.

Qeyd edək ki, sözügedən qətnamədə ermənilərin dini, mədəni və tarixi irsinin məhv edildiyi də iddia olunur.  Halbuki, bu tamamilə cəfəng iddiadır. Sual olunur: görəsən mədəni irsin qorunmasından danışan Fransa öz ərazisində ucaldılan və qadınların azadlıq rəmzini özündə əks etdirən Azərbaycan şairəsi Natəvanın heykəlini Evian şəhərində təhqir olunmasının qarşısını niyə almadı?  

Qətnamədə Ermənistan danışıqlara açıq, “sülhsevər tərəf” kimi göstərilir, bununla da faktlar tam tərsinə təqdim olunur. Halbuki, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan tamhüquqlu sülh sazişinin imzalanmasına ilk çağırış edən məhz Azərbaycan olub. Üstəlik, qətnamədə Azərbaycan xalqına qarşı törədilən cinayətlərə göz yumulur. Qərbi Azərbaycandan qovulan soydaşlarımızın geri qayıdış hüququ haqqında heç bir kəlmə qeyd edilmir. 

Bəli, son illər ölkəmizə qarşı “səlib yürüşü”nə başlayan Fransa Respublikasının siyasi dairələrinin, o cümlədən bu ölkə parlamentinin birbaşa Yelisey Sarayından alınmış təlimatlar əsasında anti-Azərbaycan və islamofob fəaliyyəti səngimək bilmir. Yeri gəlmişkən qeyd edək ki, Fransa mətbuatında ölkəmizə qarşı aparılan qaralama kampaniyası çərçivəsində istifadə edilən tezislərin Milli Assambleyada irəli sürülmüş qətnamədə öz əksini tapması bu “konsertin” arxasında Prezident Emmauel Makronun administrasiyasının durmasını  göstərir. Bütün bunlar bir daha sübut edir ki, Makron hələ də Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətini, Prezident İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallıqları həzm edə bilmir. Hətta o, bütün bunları sanki Fransanın məğlubiyyəti kimi dəyərləndirir.

Bütün bunlar isə açıq-aydın göstərir ki, bu gün Afrikadakı keçmiş müstəmləkələrindən biabırcasına qovulan Fransa Makronun timsalında beynəlxalq aləmdə uğur hekayəsini “erməni kartı” ilə qazanmağa çalışır. Elə Ermənistanı “müstəmləkəsi” kimi görmək arzusunda olan rəsmi Paris bu niyyətlə təcavüzkar ölkəni silahlandırır, hər yerdə onun vəkili kimi çıxış edir, separatçıları revanşa sürükləyir. Bununla da sülh prosesinə ciddi zərbələr endirir.

Bir məsələni də vurğulayaq. Bu gün Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yürütdüyü müstəqil siyasət nəticəsində Fransa bütün proseslərdən kənarda qalıb. Heç bir vasitəçi olmadan hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir. Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında, xüsusən Əbu-Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi isə Makronun maraqlarına heç bir halda cavab vermir.  Hətta onu ciddi şəkildə qıcıqlandırır və əsəbiləşdirir. Şübhəsiz, onu ofsayd vəziyyətinə qoyan isə Prezident İlham Əliyevin apardığı siyasətdir. Bu mənada Makronun Azərbaycan və Ermənistan arasında gedən danışıqlar prosesindən kənarda qalması sözün həqiqi mənasında onu yandırıb-yaxır.  

Azərbaycan da öz növbəsində Fransanın hücumlarını dəf etməklə kifayətlənmir. Belə ki, ölkəmiz Bakı Təşəbbüs Qrupunun timsalında demokratiyadan, insan hüquqlarından dəm vuran sözügedən ölkənin yeni müstəmləkə tendensiyalarına qarşı mübarizənin lokomotivi rolunu öz üzərinə götürüb. Daha doğrusu, neokolonializmə qarşı mübarizə aparır. Hətta Prezident İlham Əliyev nüfuzlu beynəlxalq platformalarda, o cümlədən Qoşulmama Hərəkatında, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı müstəmləkəçiliklə mübarizəni gündəmə gətirib, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi, keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqların müstəqilliyinə, öz müqəddəratını təyin etməsinə dəstək ifadə edib.  Dövlət başçımızın bu tipli çıxışları da həmişə müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən rəğbətlə qarşılanır. Hətta indi Fransanın müstəmləkə altında saxladığı ölkələrin sakinləri Azərbaycana müqəddəs “Məkkə”, “Vatikan” kimi baxırlar və ölkəmizi dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər.

Elə bu yaxınlarda Parisdə imzalanan sənədə görə, Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya Dövlətinin yaradılması nəzərdə tutulur  ki, bu məsələdə ölkəmizin də əməyi az olmayıb. Razılaşmaya görə, Yeni Kaledoniya Fransanın tərkibində qalsa da, geniş muxtariyyət əldə edəcək və beynəlxalq münasibətlər sahəsində müəyyən funksiyaları üzərinə götürəcək. Yeni statusun hüquqi çərçivəsi 2026-cı ildə qəbul ediləcək fundamental qanunla müəyyən ediləcək. Yeri gəlmişkən qeyd edək ki, iyulun 19-da Prezident İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilmiş III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Yeni Kaledoniya Dövlətinin yaradılmasının bir başlanğıc olduğunu bildirib. Hətta iş o yerə çatıb ki, Azərbaycanın “dekolonizasiya” gücü Fransanın artıq konseptual strateji sənədlərində belə, daha doğrusu,  2025-ci ilin iyul ayında işıq üzü görmüş Fransanın Milli Strateji İcmalında, habelə Fransanın Sakit-Okean üzrə Strategiyasında  da öz əksini tapıb.  Bəli, bu vəziyyət qarşısında aciz olan Makron Azərbaycana qarşı artıq bir neçə dəfə işlənilmiş qətnamə təcrübəsini  indi də “Respublikaçılar” vasitəsilə işə salıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
2
ikisahil.az

1Mənbələr