AZ

Çin Putindən üz döndərir? – Yeni geopolitik oyun BAŞLAYIR

Çin Putindən üz döndərir? – Yeni geopolitik oyunÇinin Rusiya ilə bağlı son proseslərdə tutduğu mövqe yenidən dünya mediasında geniş müzakirələrə səbəb olub. Qlobal güclərdən biri olan Çin, ən kritik beynəlxalq qarşıdurmalarda əsasən səssiz və neytral mövqe nümayiş etdirir.

Bu sakitlik bir çox sualları gündəmə gətirir. Pekin artıq Moskvanı strateji maraq dairəsindən çıxarıbmı? Çin Rusiya böhranının dərinləşməsinə sadəcə seyrçidirmi?

Editor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Çin müxtəlif məsələlərdə fərqli və qeyri-müəyyən mövqe sərgiləyir və bu da Rusiyada çaşqınlıq yaradıb:

“Rəsmi Pekinin Ukrayna məsələsində mövqeyi kifayət qədər açıqdır. Çin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini birbaşa bəyan edir. Pekinin əsas prioriteti iqtisadi maraqlardır. Avropa İttifaqı ilə sıx iqtisadi əlaqələri mövcuddur, eyni zamanda ABŞ-la sərt iqtisadi rəqabət şəraitindədir. Buna baxmayaraq, Çin Vaşinqtonla birbaşa qarşıdurmadan qaçmağa çalışır və Rusiya ilə münasibətlərində müəyyən məsafə saxlayır.

Hazırda Çin Ukraynada iqtisadi baxımdan aktiv rol oynayır. Mineral ehtiyatların istismarı sahəsində onun təsiri böyükdür. Ukraynadakı bir sıra mineral yataqların istismarı uzun müddət Çin şirkətlərinin nəzarətində olub. Hətta bəzi şəhərlərin yenidən qurulması prosesində də Çin iştirak edir. Rusiya tərəfindən səsləndirilən bəzi ittihamlara əsasən, Pekin Ukraynaya gizli şəkildə silah dəstəyi də göstərir”.

Politoloqun fikrincə, Çin digər regional münaqişələrdə də eyni yanaşmanı nümayiş etdirir. O, İran və İsrail arasında baş vermiş 12 günlük müharibəni nümunə kimi göstərir:

“ABŞ münaqişəyə qoşulana qədər Çin müəyyən səviyyədə İranı dəstəkləyirdi. Rəsmi dəstək olmasa da, silah yardımının göstərildiyi barədə iddialar var. Lakin ABŞ-ın prosesə daxil olmasından sonra Çin dərhal fəaliyyətini dayandırdı. Bu, onun Qərblə açıq toqquşmadan çəkinməsinin göstəricisidir. Çin, ümumiyyətlə, öz müttəfiqlərinə daha çox gizli dəstək verir ki, bu da Qərbi birbaşa qarşısına almaq istəməməsi ilə bağlıdır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr