Ötən gün Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 28-i, saat 18:00-da baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunublar.
“Müxtəlif bədən xəsarətləri alan şəxslərə – 1980-ci il və 1986-cı il təvəllüdlü pasiyentlərə müvafiq tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Vəziyyəti orta ağır olan 1954-cü il təvəllüdlü şəxsin ailə üzvləri tərəfindən yazılı iltizamnaməsi alınıb. Onlar pasiyentə tibbi xidmət göstərilməsindən imtina ediblər”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, VAZ-2107 və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində həyatını itirib, digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.