Paris, 29 iyul, AZƏRTAC
Fransa Kənd Təsərrüfatı Nazirliyinin son açıqlamasına görə, Savua və Yuxarı-Savua bölgələrində iribuynuzlu heyvanların nodulyar dermatiti (DNC) ilə bağlı 47 yoluxma ocağı qeydə alınıb. Bu, beş gün əvvəlki rəsmi hesabatla müqayisədə 13 yoluxma ocağı daha çoxdur.
AZƏRTAC xəbər verir ki, Savua bölgəsində 24, Yuxarı-Savua bölgəsində isə 23 yoluxma hadisəsi müəyyən edilib.
DNC əsasən iribuynuzlu heyvanlarda müşahidə olunan virus mənşəli yoluxucu dəri xəstəliyidir. Virus əsasən qansoran həşəratların, xüsusilə də stomox (qansoran milçək) və at milçəklərinin dişləməsi yolu ilə yayılır. Bildirilir ki, bu xəstəlik insana yoluxmur. Peyvəndləmə kampaniyası davam edir. Bu kampaniya 310 min baş iribuynuzlu heyvanı əhatə edir. Kampaniyanın məqsədi xəstəliyin yayılmasının qarşısını almaq və heyvandarlıq sektorunu qorumaqdır. Həmçinin, təsərrüfatlarda biotəhlükəsizlik tədbirlərinin artırıldığı, yoluxma halı aşkarlanan təsərrüfatlarda qoruyucu dezinfeksiya və monitorinq işlərinin aparıldığını qeyd edilir.
Hal-hazırda DNC Fransa heyvandarlığı üçün ciddi təhdid olaraq qalır. Peyvəndləmə və sanitariya nəzarətinin intensiv aparılması sayəsində xəstəliyin geniş yayılmasının qarşısının alınacağı gözlənilir.