AZ

Trampın qəfil qərarları Rusiyaya qarşı neft sanksiyalarını "saatlı bombaya" çevirə bilər

İkinci dərəcəli tariflər qlobal bazarda təlatüm yaradacaq, ABŞ və Rusiya münasibətləri isə daha da kəskinləşə bilər...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın neft ixracına qarşı tətbiq olunacaq ən sərt sanksiyaların müddətini gözlənilmədən qısaldıb. Bu addım beynəlxalq investorlar arasında ciddi narahatlıq yaradıb və qlobal enerji bazarında risklərin artmasına səbəb ola bilər.

Yeni sanksiyalara əsasən, Rusiya neftinin əsas alıcıları – Hindistan və Çin daxil olmaqla – bu məhsullar üçün 100 faizlik gömrük rüsumu ödəməli olacaqlar. Bu isə həm dünya üzrə neft təchizatında pozuntulara, həm də qiymətlərin kəskin artmasına yol aça bilər. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiya iyun ayında gündəlik 4,68 milyon barel xam neft və əlavə olaraq 2,5 milyon barel neft məhsulları ixrac edib. Bu, dünya neft tələbatının təxminən 4,5 faizinə bərabərdir.

Ekspertlər bildirirlər ki, Trampın bu qərarı reallaşdırıb-reallaşdırmayacağı hələlik bəlli deyil. Lakin ikinci dərəcəli tariflərin tətbiqi ehtimalı belə bazarda qeyri-müəyyənlik yaradır. ABŞ-da inflyasiyanın artma riski və qiymətlərin yüksəlməsi Trampı ehtiyatlı olmağa vadar edə bilər. Lakin o, daha əvvəl də bazarın təzyiqi ilə bəzi qərarlarını geri çəkmiş, lakin bəzilərini, o cümlədən 22 iyunda İranın nüvə obyektlərinə aviazərbələri icra etməklə həyata keçirmişdi.

Bu baxımdan Trampın Rusiyaya qarşı siyasətindəki qeyri-sabitlik investorları ehtiyatlı olmağa vadar edir. Analitiklər hesab edirlər ki, ikinci dərəcəli tariflər – yəni ABŞ sanksiyalarına tabe olmayan ölkələrin də cəzalandırılması – kifayət qədər təsirli maliyyə aləti ola bilər.

Rusiya neftinin əsas alıcılarından olan Hindistan (iyun ayında dəniz yolu ilə gündəlik 1,5 milyon barel) hal-hazırda ABŞ-la ticarət danışıqlarında iştirak edir və bu səbəbdən Vaşinqtonla münasibətləri gərginləşdirmək istəmir. Bu isə Dehlinin Rusiyadan imtina edərək alternativ, lakin daha bahalı enerji mənbələrinə yönələ biləcəyi ehtimalını gücləndirir.

Digər tərəfdən, Çin Rusiyadan həm boru kəməri, həm də dəniz yolu ilə gündəlik 2 milyon barel neft idxal edir və artıq ABŞ-ın müxtəlif tariflərinə məruz qaldığı üçün siyasətində dəyişiklik etməsi ehtimalı aşağıdır. Çin Moskvayla əlaqələrini strateji hesab etdiyi üçün alışları davam etdirə bilər – hətta daha ucuz qiymətə.

Əgər Hindistan Rusiyadan neft idxalını dayandırsa, Kreml maliyyə baxımından ciddi çətinliklərlə üzləşə bilər. Çünki neft və qaz ixracından əldə edilən gəlirlər Rusiyanın federal büdcəsinin 30–50 faizini təşkil edir. Bu mənbənin itirilməsi Kreml üçün böyük zərbə olacaq və Vladimir Putinin sərt cavab verməsinə səbəb ola bilər.

Trampın mümkün qərarları ilə bağlı qeyri-müəyyənlik davam edir, lakin bu qərarların təsir dairəsi geniş olacaq. Körfəz ölkələri – məsələn, Səudiyyə Ərəbistanı və BƏƏ – qısamüddətli perspektivdə hasilatı artırmağa çalışsalar da, Rusiya bazarından çıxacaq nefti tam əvəzləmək real görünmür.

Poliqon.info

Seçilən
11
1
poliqon.info

2Mənbələr