AZ

Britaniya hökuməti ölkədə bıçaqla törədilən cinayətlərə qarşı mübarizəyə başlayıb

London, 29 iyul, AZƏRTAC

Britaniya hökuməti ölkədə artmaqda olan bıçaqla törədilən cinayətlərin, xüsusilə də gənclər arasında baş verən hadisələrin qarşısını almaq üçün bir sıra tədbirlərə start verib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, yeni kampaniya çərçivəsində gənclərdən silahlarını xüsusi mobil maşınlara təhvil vermələri xahiş olunur. Bu təşəbbüs bir ay davam edəcək.

Xatırladaq ki, 2024-cü il iyulun 29-da İngiltərənin şimalındakı Sautport şəhərində Taylor Svift mövzulu uşaqlar üçün təşkil olunmuş rəqs tədbirinə hücum edən yeniyetmə Aksel Rudakubana üç qızı qətlə yetirmiş, on nəfəri isə yaralamışdı. Onun zorakılıq və soyqırımla bağlı obsesiyası olduğu bildirilmişdi.

Hadisədən sonra Baş nazir Kir Starmer rəhbərlik etdiyi Leyboristlər hökuməti ilə birgə gənclər arasında bıçaqla törədilən cinayətlərə qarşı sərt tədbirlərin görüləcəyini vəd edib. Artıq bıçaq satışında yaşa dair daha ciddi yoxlamalar tətbiq olunub, sosial media şirkətləri isə silahların satışı və reklamına nəzarət etmədikləri halda cərimələnəcəkləri barədə xəbərdarlıq alıblar. Eyni zamanda, “zombi” tipli bıçaqlar və “ninja” qılınclarının satışı qadağan edilib.

Ötən ilin sentyabrında Kir Starmer bu məsələ ilə bağlı xüsusi koalisiyanın yaradıldığını elan etmişdi. Bu ay keçirilən görüşdə tanınmış aktyor və anti-bıçaq kampaniyası fəalı İdris Elba, həmçinin Kral III Çarlz da iştirak ediblər.

Xeyriyyə təşkilatları məktəblərdə bıçaqla bağlı cinayətlərin qarşısını almaq məqsədilə maarifləndirici təhsilin məcburi olmasını tələb edirlər. Bəzi ekspertlər isə bıçaq yığımı qutularını ucuz və qısamüddətli tədbir hesab edir, problemin əsas səbəbləri olan yoxsulluq, sosial təcrid və zorakılığın aradan qaldırılmasının vacibliyini vurğulayırlar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
3
azertag.az

1Mənbələr