Avropa Komissiyası xəbərdarlıq edir: Rusiya ilə mümkün müharibədə tanklar körpüləri çökdürə, tunellərdə ilişib qala bilərlər...
Avropa İttifaqının nəqliyyat üzrə komissarı Apostolos Tsitsikostas xəbərdarlıq edib ki, Avropanın avtomobil yolları, körpüləri və dəmir yolu xətləri Rusiya ilə müharibə halında NATO tanklarının və hərbi texnikasının sürətli daşınması üçün yararsızdır.
Poliqon xəbər verir ki, bu barədə The Financial Times nəşrinin məqaləsində bildirilir.
Apostolos Tsitsikostasun sözlərinə görə, əgər Moskva qüvvələri Aİ-nin şərq sərhədlərini keçərək hücum etsələr, tanklar tunellərdə ilişəcək, körpülər çökəcək və sərhəd protokolları isə hərbi hərəkətləri ləngidəcək.
Bu problemləri aradan qaldırmaq üçün Tsitsikostas ümumilikdə 17 milyard avro dəyərində maliyyə ayrılmasını və kontinentin infrastrukturunun modernləşdirilməsini planlaşdırır.
“Bizdə köhnə körpülər var, onları mütləq yeniləməliyik. Dar körpüləri genişləndirməli, ümumiyyətlə olmayan körpüləri isə sıfırdan inşa etməliyik”, deyə Avropa Komissarı qeyd edib.
Avrokomissar əlavə edib ki, bu günün reallığında qərbi Avropadan şərqə hərbi texnika və canlı qüvvənin göndərilməsi həftələrlə, bəzi hallarda isə aylarla vaxt aparır: “Əgər ordularımız kontinent daxilində sürətli hərəkət edə bilmirsə, Avropanı müdafiə etmək mümkün olmayacaq.”
Hazırkı infrastrukturun əksəriyyəti, hərbi məqsədlərlə istifadəni nəzərə almadan tikildiyindən, bu gecikmələr ciddi təhlükə yaradır. Avropa yollarında dövriyyədə olan yük maşınları adətən 40 ton çəkiyə malikdir, halbuki bir tankın çəkisi 70 tona qədər yüksələ bilər. Bu fərq isə yolların və körpülərin hərbi texnikaya dözümsüzlüyünü göstərir.
Aİ hazırda dörd əsas hərbi dəhliz boyunca yerləşən 500 infrastruktur layihəsi üzərində işləyir. Bu layihələr NATO və alyansın hərbi komandanlığı ilə birgə müəyyənləşdirilib və təhlükəsizlik məqsədilə məxfi saxlanılır. Məqsəd odur ki, hərbi qüvvələr mümkün hücuma bir neçə saat, ən gec bir neçə gün ərzində cavab verə bilsin.
Brüssel eyni zamanda sərhədlərdəki bürokratik maneələri azaltmağı, yəni “tankların sənədləşmə prosesində ilişib qalmasının” qarşısını almağı planlaşdırır. Tsitsikostas bildirib ki, sərhədlərdə ləngimələrin qarşısını almaq üçün protokollar da sadələşdirilməlidir.
Bu strategiya, Aİ-də son aylarda müşahidə olunan hərbi hazırlıq dalğasının bir hissəsidir. Hazırda həm ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırması, həm də Rusiyadan gələn təhlükələrin artması fonunda Avropa özünü daha ciddi şəkildə müdafiəyə hazırlaşdırır.
Avropa Komissiyası 2028–2034-cü illəri əhatə edən büdcə planında 17 milyard avroluq investisiya nəzərdə tutsa da, Aİ diplomatları xəbərdarlıq edirlər ki, üzv dövlətlər arasında aparılacaq çətin danışıqlar nəticəsində bu məbləğ azaldıla bilər.
Poliqon.info