Rusiyanın Rostov şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkənin Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbçisinə qarşı planlaşdırılan terror aktının qarşısını alıblar. Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülən Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı saxlanılıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
"FTX tərəfindən Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Rostovda Rusiya Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbçisinə qarşı terror aktının hazırlanmasında əli olan Mərkəzi Asiya ölkələrindən birinin 1982-ci il təvəllüdlü vətəndaşı saxlanılıb", - deyə məlumatda bildirilib.
Məlumata görə, o, xaricdə olarkən beynəlxalq terror təşkilatlarının tərəfdarı olan tanışı vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı tərəfindən işə götürülüb. Kuratorun göstərişi ilə o, Rostova gəlib, orada kirayə mənzil götürüb və əldəqayırma partlayıcı qurğudan istifadə etməklə qətl törətmək üçün hərbçinin yaşayış yeri üzrə kəşfiyyat aparıb. Ondan trotil ekvivalentində çəkisi 400 qram olan əldəqayırma partlayıcı qurğu, kurator ilə konspirativ əlaqə üçün rabitə vasitələri və müşahidə üçün videokamera müsadirə edilib.
"Fiqurant etiraf xarakterli ifadələr verir", - deyə qeyd edilib.
Rostov vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Cinayət Məcəlləsinin "Terror aktına hazırlıq", "Partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz dövriyyəsi" və "Partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz hazırlanması" maddələri üzrə cinayət işi açıb. Şübhəli şəxs nəzarətə götürülüb.
"Cebheinfo.az"