Prezident İlham Əliyev “Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə tapşırılıb ki, göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İqtisadiyyat Nazirliyi isə göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.