İrlandiyanın "Şelbrun" klubunun "Qarabağ"la UEFA Çempionlar Lqasının II təsnifat mərhələsinin cavab görüşündə geridönüş etmək üçün keyfiyyətli futbolçuları yoxdur.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
46 yaşlı keçmiş yarımmüdafiəçi Ağdam təmsilçisinin cavab matçında da qələbə qazanacağını düşünür:
“Qarabağ” ilk oyunda 3:0 hesablı qələbə qazanıb. “Şelburn”un geridönüş edəcəyi inandırıcı deyil. Çünki heyətdə keyfiyyətli futbolçular yoxdur. “Qarabağ”a isə yeni futbolçular gəlib. Məncə, onlar uyğunlaşmaq və oyunlarını daha da yaxşılşadırmaq üçün meydana çıxacaqlar. Düşünürəm ki, “Qarabağ” bu matçda da qalib gələcək. Boşluqlar istər-istəməz hər oyunda olur. Amma İrlandiya klubunun, məsələn, “Qarabağ”ı 4:0 hesabı ilə məğlub etməyə gücü yoxdur. Təmsilçimizə uğurlar arzulayıram. Fikrimcə, komanda zamanla tam istənilən vəziyyətə gələcək”.
Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.