Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya ilə Qərb arasında, onsuz da, gərgin olan münasibətlər son günlərdə yeni bir mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qarşı sərtləşən ritorikası Vaşinqtonun Moskva ilə bağlı mövqeyində mühüm dəyişikliklərin siqnalı kimi dəyərləndirilir. Trampın Rusiya üçün əvvəlcə verdiyi 50 günlük möhləti azaldaraq daha kəskin mesajlar verməsi onun əvvəlki yumşaq yanaşmasından uzaqlaşdığını göstərir.
Paralel olaraq, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləməsi və ABŞ ilə Aİ arasında yeni tarif sazişinin bağlanması Qərbin Moskva üzərində siyasi və iqtisadi təzyiqləri daha da gücləndirmək niyyətində olduğunu ortaya qoyur. Bütün bu hadisələr beynəlxalq münasibətlər sistemində yeni bir soyuq gərginlik dalğasının başlaya biləcəyini istisna etmir.
Rusiyanın daxili siyasətindən tutmuş Ukrayna müharibəsinə qədər uzanan geniş spektrdə Qərblə açıq qarşıdurma riski qlobal sabitlik üçün ciddi çağırışlar yaradır. Bu, həm də NATO ilə Rusiya arasında yeni gərginlik dalğasının inkişaf edəcəyini istisna etmir.
Siyasi şərhçi, tarix elmləri doktoru Telman Nüsrətoğlu Oxu.Az-a açıqlamasında deyib ki, Trampın mövcud açıqlamalarını və Amerika Birləşmiş Ştatları-Rusiya münasibətlərinin hazırkı durumunu, heç şübhəsiz, ABŞ-Böyük Britaniya, ABŞ-Avropa İttifaqı münasibətləri və bu cinahın Rusiyaya baxışı, xüsusilə Birləşmiş Krallığın Ukrayna müharibəsinə baxışı kontekstində dəyərləndirmək lazımdır:

"İkinci bir faktor isə Epşteyn məhkəmə işinin Trampın həm özü, həm də hakimiyyəti üzərində siyasi təzyiq mexanizminə çevrilməyə başlamasıdır. Belə bir kontekstdə Rusiya ilə mübarizə daha önəmli bir faktor olaraq ortaya çıxır. Çünki Tramp həm daxildə başının üstünü Damokl qılıncı kimi alan məhkəmə işini, yəni hakimiyyətinin üzərindəki təzyiqi, həm də Rusiya ilə bağlı təzyiqlərin artmasını nəzərə alan siyasət yürütməlidir. Son bir neçə həftədə baş verən proseslərin xronoloji ardıcıllığına da baxsaq, bunu açıq şəkildə görə bilərik. Trampın Şotlandiyaya səfəri, İngiltərə və Aİ ilə saziş, sanksiyaların əsas faktor olaraq önə çıxması bunu deməyə əsas verir".
"ABŞ-nin Aİ ilə imzaladığı sazişdə Avropanın Birləşmiş Ştatlardan qaz və neft alacağı ilə bağlı öhdəlik və Rusiyadan heç bir halda neft və qaz almayacağı qeyd olunur. Nəzərə alsaq ki, Hindistan və Çin də Rusiyanın bu sahədə alıcıları arasındadırlar, sanksiyaların Rusiya ilə ticarət edən ölkələrə də tətbiq edilməsi problematik görünür. Trampla Çin Sədri Si Cinpin arasında gözlənilən görüşdən sonra bu ticarət savaşının konsensusa çevrilib-çevrilməyəcəyi də önəmli suallardan biridir. Dolayısı ilə çoxşaxəli bir proses gedir", - deyə ekspert vurğulayıb.
Şərhçi Rusiyaya qarşı təzyiqlərin artacağı qənaətindədir:
"Çünki Rusiyaya tətbiq ediləcək sanksiyalar fonunda Ukraynaya yeni silahlar da veriləcək. Artıq buna hazırlıq da gedir. Bu da Moskva ətrafındakı vəziyyəti daha da gərginləşdirəcək. Ehtimal ki, bu, Rusiyanın daxilində də narazılıqları artıracaq və nəticə geosiyasi təzyiqin də artmasına gətirib çıxara bilər".
Mərahim Nəsib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.