AZ

Alzheimer xəstəliyinin qarşısını ala biləcək yeni dərman kəşf olunub

London, 29 iyul, AZƏRTAC

Alzheimer xəstəliyinin gedişatını dayandıra biləcək yeni dərman preparatı yaradılıb.

AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, klinik sınaqlar bu müalicə üsulunun demensiyaya qarşı indiyədək hazırlanmış ən güclü vasitə ola biləcəyini göstərir. Kanadanın Toronto şəhərində keçirilən Alzheimer Assosiasiyasının beynəlxalq konfransında təqdim olunan nəticələrə əsasən, yeni dərman beynin yaddaşla əlaqəli hissələrində yaranan zərərli amiloid lövhəciklərini mövcud lisenziyalı dərmanlardan daha sürətli şəkildə təmizləyə bilir.

Sınaqlarda iştirak edən pasiyentlərin 90 faizində cəmi 28 həftə ərzində bu lövhəciklər tamamilə aradan qalxıb.

Mütəxəssislər ümid edirlər ki, bu bioloji dəyişikliklər yaxın gələcəkdə yaddaş və idrak funksiyalarında da əhəmiyyətli irəliləyişlərlə müşayiət olunacaq. Hazırda 1600 nəfərin qatıldığı 18 aylıq genişmiqyaslı sınaq davam edir. Paralel olaraq, yeni araşdırmalar bu dərmanın simptomları olmayan şəxslərə, yəni Alzheimer riski daşıyan, lakin xəstəlik əlamətləri müşahidə edilməyən insanlara da verilib-verilməməsinə aydınlıq gətirəcək. Alimlər bildiriblər ki, nəticələr çox ümidvericidir. Yeni dərman mövcud preparatlara nisbətən daha güclü təsir göstərir və yan təsirləri xeyli azdır.

Qeyd edək ki, hazırda Böyük Britaniyada bir milyonadək insan demensiyadan əziyyət çəkir və bu halların əksəriyyəti Alzheimer xəstəliyinə aiddir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
5
2
azertag.az

3Mənbələr