AZ

Azərbaycanlı baş məşqçi sabiq klubundan 201 milyon tələb etdi

BAKI, 29 iyul. TELEQRAF

Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev sabiq klubu “Kızıljar”a qarşı məhkəmə iddiası qaldırıb.

Teleqraf "Tengri Sport"a istinadən xəbər verir ki, əslən azərbaycanlı mütəxəssis Qazaxıstan Futbol Federasiyasının (QFF) nəzdində fəaliyyət göstərən Mübahisələrin Həlli Palatasına müraciət edib.

Əliyev klubdan ümumilikdə 201 milyon təngə (təqribən 629 min manat) məbləğində vəsaitin ödənilməsini tələb edib.

Onun iddiasına əsasən, bu məbləğ aşağıdakı ödənişləri əhatə edir:

• Müqavilənin əsassız pozulmasına görə 120 milyon təngə kompensasiya;

• 2024-cü ilin sentyabr - dekabr ayları üzrə əmək haqqı borcu – 40 milyon təngə;

• Turnir cədvəlində 5-ci yerə görə 20 milyon təngə bonus;

• Komandanın qazandığı 11 qələbəyə görə 11 milyon təngə;

• Müqavilə imzaladığı üçün şəxsi bonus – 10 milyon təngə.

Petropavlovskda keçirilmiş məhkəmə isə Əliyevin “Kızıljar”da aldığı 10 milyon təngəlik aylıq əmək haqqını əsassız hesab edib və klubun 120 milyon təngəlik kompensasiya ilə 40 milyon təngəlik maaş borcunu ödəməkdən imtina etdiyini təsdiqləyib.

Əliyev “Kızıljar” komandasında 2022-ci ilin aprelindən 2025-ci ilin yanvarınadək baş məşqçi olub. 45 yaşlı mütəxəssis yanvarda yığmaya müvəqqəti baş məşqçi təyin olunub, apreldə isə federasiya ilə rəsmi müqavilə imzalayıb.

Məsələ ilə bağlı Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov da açıqlama verib. O, Əliyevin haqlı olduğunu bildirib:
“QFF Əliyevin mövqeyini haqlı sayır. Əmək müfəttişliyi də müqaviləni qanuni hesab edib. Əliyev hazırda kasasiya şikayəti verir".

QFF prezidenti Marat Omarov isə Əliyevin hazırkı müqaviləsinin əvvəlki baş məşqçi Stanislav Çerçesovunkundan daha sərfəli olduğunu söyləyib: “Əli Əliyev yerli mütəxəssisdir və Qazaxıstan futbolunun xüsusiyyətlərini yaxşı bilir. Onun fəaliyyətini diqqətlə izləyirik. Baş məşqçinin müqaviləsi kifayət qədər real tərtib olunub. Çerçesov dönəmində olan nəhəng xərclərimiz artıq yoxdur".

Seçilən
0
teleqraf.com

1Mənbələr