37 yaşlı şəxs 13 yaşlı oğlan uşağına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Araşdırma zamanı 37 yaşlı şəxsin əqli probleminin olduğu müəyyən edilib.
Moderator.az-ın xəbərinə görə, hadisə Ağsuda baş verib.
Şəhərdəki internet klublarından birinə gedən 13 yaşlı oğlan uşağı orada olan 37 yaşlı Nəcəf tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalıb. Hadisədən uşağın anası xəbər tutub. Belə ki, uşağın anası internet klubun yaxınlığındakı mağazalardan birində çalışırmış. Qadın işdə olan zaman uşağı da internet klubda oyun oynayırmış.
Hadisə günü qadın internet kluba gələn zaman oğlunun əsas zalda olmadığını görüb. Oğlunun harada olduğunu soruşduqda ona bildirilib ki, oğlu ikinci kabinetdədir. Qadın kameraya baxan zaman oğlunun ikinci kabinetdə tanımadığı şəxsin qucağında olduğunu görüb. Həmin şəxs uşağa qarşı seksual xarakterli zorakılıq hərəkətləri edirmiş. Bundan sonra qadın polisə məlumat verib.
Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi ittihamı qəbul etməyib. Bildiriblər ki, uşaq təqsirləndirilən şəxsin qucağında olsa da, ona qarşı zorakılıq hərəkətləri edilməyib.
Araşdırma zamanı 37 yaşlı şəxs törətdiyi əməldə təqsirli bilinib.
Təqdim edilən arayışla təqsirləndirilən şəxsin “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə “Oliqofreniya orta ifadəli debillik dərəcəsində davranış pozğunluğu” diaqnozu ilə qeydiyyatda olduğu məlum olub.
Məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyi ilə də onda “Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya) davranış pozuntuları” formasında xroniki psixi patologiya müəyyən edilib.
Rəyə əsasən, təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmayıb. Buna görə də anlaqsız hesab olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində tibbi xarakterli məcburi tədbir təyin edilib.