Son illər Azərbaycanda xarici saytlardan onlayn alış-verişə maraq artıb. Vətəndaşlar ehtiyac duyduqları geyimdən texnikaya, kosmetikadan dərman vasitələrinə qədər bir çox məhsulu karqo şirkətləri vasitəsilə sifariş edirlər. Lakin bir çox hallarda sifariş edilən məhsulun gətirilmədiyi və ya gömrükdə saxlanıldığı ilə bağlı şikayətlər artır. Bəs hansı məhsulların ölkəyə gətirilməsinə icazə verilmir və bu proses hansı hüquqi çərçivədə tənzimlənir?

Moderator.az-a şərh edən yerli karqo şirkətlərindən birinin nümayəndəsi Pərviz Əzimov bildirib ki, sifarişlərin ölkəyə gətirilməməsi və ya gömrükdə saxlanılması ilə bağlı fərqli səbəblər ola bilər. Onun sözlərinə görə, birinci məsələ ondan ibarətdir ki, şəxsi istehlak məqsədilə ticarət platformalarından sifariş olunan məhsulların ölkəyə gətirilməsi və gömrükdən keçməsi Gömrük Komitəsinin saytında rəsmi şəkildə dərc olunmuş siyahıya əsasən həyata keçirilir:
“Hansı məhsulların ölkəyə gətirilməsinə icazə verildiyi, hansılarının isə qadağan olunduğu barədə siyahı kifayət qədər genişdir və bu siyahını ümumi şəkildə səsləndirmək mümkün deyil. Əgər ölkəyə gətirilən mallar həmin kateqoriyaya daxildirsə, onların gömrük tərəfindən saxlanılması normaldır.
İkinci məsələ isə ondan ibarətdir ki, məhsulların gömrük tərəfindən saxlanılmasının başqa səbəbləri də ola bilər. Bu səbəblərdən biri məhsulların düzgün bəyan edilməməsi və ya ümumiyyətlə bəyan edilməməsidir. Aylıq 300 dollar limitinin keçilməsi məsələsi də ortaya çıxa bilər. Bu kimi müxtəlif səbəblər var ki, gömrük orqanları həmin məhsulu saxlamaq hüququna malikdir. Azərbaycanda gömrükdə bu qaydalara riayət edən heç bir vətəndaşın malı səbəbsiz yerə saxlanılmır. Sadəcə olaraq, iş rejiminin sıxlığına görə bəzən gecikmələr ola bilir. Bu gecikmələr həm karqo şirkətlərində, həm də hava yolları şirkətlərində yaşana bilər. Amma sırf səbəbsiz yerə hər hansı bir malın saxlanılması halları müşahidə olunmur.
O ki qaldı məhsulun ümumiyyətlə ölkəyə gətirilməməsi məsələsinə, bu halda müştəri birbaşa ticarət platformasına müraciət etməlidir. Hazırda ölkədə ən çox istifadə olunan e-ticarət platformaları “Trendyol” və “Temu”dur. Hər iki platforma satdıqları məhsullarla bağlı müştəri şikayətlərinə kifayət qədər həssas yanaşır. Əgər məhsulun ümumiyyətlə göndərilməməsi, nasaz və ya zədələnmiş şəkildə göndərilməsi halları baş veribsə, bu platformalar müştəri şikayətlərini nəzərə alır və bir çox hallarda onlara təzminat belə ödəyir”.
Mehin Mehmanqızı