"Microsoft" şirkəti “Edge” brauzerində süni intellekt əsaslı yeni "Copilot" Mode rejiminin sınaqlarına başlayıb.
HİT.az xəbər verir ki, şirkətin rəsmi bloqunda bildirildiyinə görə, bu yenilik istifadəçilərlə veb məzmun arasında qarşılıqlı əlaqəni sadələşdirmək və məhsuldarlığı artırmaq məqsədi daşıyır.
Yeni rejim açıq vərəqlərin məzmununu analiz edə və istifadəçi istəyi əsasında müxtəlif tapşırıqları yerinə yetirə bilir. Məsələn, restoran üçün masa sifariş etmək, məhsul seçmək və müqayisə etmək, məlumat axtarmaq kimi gündəlik əməliyyatlar bu rejimlə daha asan şəkildə həyata keçirilə bilər. Bundan əlavə, brauzerdə səsli naviqasiya imkanı da yaradılıb - bu, istifadəçiyə saytlarla daha sürətli əlaqə qurmağa və vərəqləri rahat idarə etməyə imkan verir.
"Copilot Mode"un əsas xüsusiyyətlərindən biri də brauzer tarixçəsi və istifadəçi hesablarına məhdud giriş imkanıdır. Bu funksionallıq yalnız istifadəçinin açıq icazəsi və məxfilik siyasətinə uyğunluq şərti ilə aktivləşir və süni intellektin istifadəçi adından bəzi əməliyyatlar aparmasına şərait yaradır.
"Microsoft" vurğulayır ki, "Copilot Mode" hələ eksperimental mərhələdədir və istifadəçilərdən gələn rəylər əsasında təkmilləşdiriləcək. Rejim tamamilə seçimlidir - istənilən vaxt söndürülə bilər və klassik Edge interfeysi ilə davam etmək mümkündür.
Hazırda bu funksiya “Microsoft Copilot” xidmətinin əlçatan olduğu regionlarda pulsuz təqdim olunur. Şirkət gələcəkdə xidmətin inkişafı ilə yanaşı, bu rejimi pullu abunə paketlərinə də daxil edə bilər.
Paşa Məmmədli