Şahzadə Harrinin atası Kral Çarlz və qardaşı Şahzadə Uilyamla münasibətləri normallaşdırmaq məqsədilə rəsmi fəaliyyət planını Kral ailəsi ilə paylaşmağa razı olduğu bildirilir.
Sherg.az xəbər verir ki, “Daily Mail”in yaydığı məlumata görə, bu addım Harrinin və həyat yoldaşı Meqan Marklın tədbirlərinin Kral ailəsinin proqramları ilə üst-üstə düşməsinin qarşısını almağa yönəlib. Beləliklə, Sasseks cütlüyünün diqqəti Kral ailəsindən yayındırmağa çalışdığına dair iddialar da təkzib olunacaq.
Ailəyə yaxın bir mənbə qəzetə açıqlamasında bildirib:
“Sasseks komandası Harrinin iştirak edəcəyi tədbirləri əhatə edən təqvim hazırlayıb və bu təqvimi Bukingem Sarayı ilə bölüşməyi təklif edib. Bu yolla, Kensington Sarayı da məlumatlandırılacaq və Şahzadə Uilyam ilə Keyt Middlton planlardan xəbərdar olacaq.”
Həmin mənbə əlavə edib:
“Harri hələ də Kral ailəsinin daxili idarəetmə mexanizminə tabe olmaqdan narazıdır və bu mövqeyində dəyişiklik gözlənilmir. Lakin əgər Kral ailəsi Harrinin planlarından əvvəlcədən xəbərdar olarsa, öz proqramlarını buna uyğun tənzimləyə bilər.”
Britaniya mediası Harrinin bu jestini “əhəmiyyətli bir sülh siqnalı” kimi dəyərləndirib.