"Hər bir komandanın güclü və zəif tərəfləri var. Necə ki, onların var, həmçinin bizim də"
Operativ Media xəbər verir ki, bunu "Zirə" klubunun baş məşqçisi "Hayduk"la cavab oyunu haqda "CBC Sport" kanalına müsahibəsində deyib.
O, hər iki komandanın növbəti mərhələyə yüksəlmək istədiyini qeyd edib:
"Təəccübləndirən məqamlardan biri odur ki, ispaniyalı məşqçi komandanın oyun fəlsəfəsini dəyişib. Futbolçular daha intizamlı və istəkli oynayır. Bunu artıq ilk oyundan hiss etmək mümkün idi. Hər iki komandanın qarşısında hədəflər var. Hər iki komanda növbəti mərhələyə keçmək istəyir. Düşünürəm ki, bizi maraqlı bir oyun gözləyir."
43 yaşlı mütəxəssis "Hayduk"un geniş heyətə sahib olduğunu vurğulayıb:
"Hər iki komanda fiziki cəhətdən ideal formada deyil. Bu, mövsümün ikinci oyunudur. İlk oyunun ikinci hissəsində də yorğunluq hiss olunurdu. Belə məqamlarda adətən ehtiyat qüvvə ön plana çıxır. Bu baxımdan rəqibin bizdən üstünlüyü var. Onlar iştirak ərizəsində bizdən daha çox sayda oyunçu sifariş ediblər. Əsas heyətdə 4-5 yetirmələri çıxış edir. Bizim isə bəzi zədəlilərimiz var. Ehtiyat qüvvə baxımından rəqib daha güclü görünür. Ancaq əlimizdə olan imkanlarla ən yaxşısını etməyə çalışacağıq."
Rəşad Sadıqov ilk matçda komandasının inamlı oyun sərgilədiyini də qeyd edib:
"Keçən mövsümdəki uğurlu çıxışımız futbolçuların özünəinamını artırıb. Bu, ilk hissədə hiss olunurdu. Rəqibə demək olar ki, oynamağa imkan vermirdik. Amma ikinci hissədə fərqli oyun getdi, hər iki komandanın tempi aşağı düşdü. Hətta son 10-15 dəqiqədə üstünlük biz tərəfdə idi. Hər iki komanda bir-birinə yaxşı bələddir və bir-birini yaxşı analiz edib."
Qeys edək ki, "Hayduk" - "Zirə" matçı iyulun 31-də Xorvatiyada keçiriləcək.