AZ

Macarıstan hökuməti suvarma suyuna subsidiya ayırır

Budapeşt, 29 iyul, AZƏRTAC

Macarıstan hökuməti suvarma suyunu fermerlərə pulsuz verərək, onun dəyərini ödəməyi öz öhdəsinə götürəcək. Macarıstanın kənd təsərrüfatı naziri İştvan Naqinin sözlərinə görə, bu məqsədlə 10 milyard forint ayrılacaq.

AZƏRTAC xəbər verir ki, quraqlığın fəsadları ilə mübarizəyə hazırlıq çərçivəsində hökumət infrastrukturun, o cümlədən karniz, şlüz və nasosların təmirinə 4,7 milyard forint vəsait ayırıb. Nazir qeyd edib ki, Avropa bu il ciddi quraqlıqla üzləşib, Tisa və Dunay çaylarında suyun səviyyəsi normadan xeyli aşağıdır və yayın sonuna olan proqnozlar regionda ən isti temperatur vəd edir.

Yazlıq taxıl və günəbaxan kimi hazırkı məhsullar perspektivli görünsə də, qarğıdalı artıq rütubətsizlikdən əziyyət çəkir. Yağıntılar kənd təsərrüfatının sabitliyini qorumaq üçün vacibdir. Statistik məlumatlara görə, Macarıstanda son üç ildə suvarılan torpaqların sahəsi iki dəfə artaraq 150 min hektara çatıb və kənd təsərrüfatı infrastrukturunun modernləşdirilməsi üçün fermerlərə 176 milyard forint verilib. Bu sahədə 65 milyard forintlik tender isə hələ də açıq olaraq qalır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
8
azertag.az

1Mənbələr