Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zaur Nizami oğlu İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub.
QHT.az xəbər verir ki, o, 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub, 2015-2017-ci illərdə isə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında "gizir" rütbəsi ilə xidmətini davam edib. 2016-cı ilin Aprel döyüşlərinə qatılan Zaur İsmayılzadə döyüş gedişatında ağır yaralanıb və səhhətində problemlər yarandığı üçün 2017-ci ildə ordudan tərxis olunub, lakin Vətən müharibəsinin başlanması ilə əlaqədar könüllü olaraq yenidən ordu sıralarına qatılıb. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və oktyabrın 7-də qəhrəmancasına şəhid olub.
Zaur İsmayılzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!