Fransız tədqiqatçılar siçanlarda şizofreniyanı lama anticisimləri ilə müalicə edə bildiklərini söyləyirlər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-kommersiya təşkilatı olan “RTI International”a görə, bu beyin xəstəliyi, 18-65 yaş arası təxminən 3,7 milyon ABŞ-liyə ciddi təsir edib. Ancaq evdə bəslənən yunlu bir Cənubi Amerika heyvanı bu xəstəliyin sağalmasında faydalı ola bilər.
Fransız tədqiqatçılar bu həftə bəyan ediblər ki, immunitet sistemini qoruyan zülallarla zəngin olan lamanın anticisimlərindən istifadə edərək, beyində sinir sisteminin fəaliyyətini tənzimləyən bir neyrotransmitteri hərəkətə gətirəcək, “nanokor” adlanan kiçik bir anticisim parçası hazırlayıblar. Funksional Genomika İnstitutundakı alimlərin damar və ya əzələyə yeritdiyi bu molekul qan-beyin baryerini aşaraq beyin reseptorlarına çata bilib. Bu baryer, beynimizi zərərli maddələrdən qoruyan, sıx birləşmiş hüceyrə qatıdır.
“Nanokor”ların təsirini siçanlar üzərində sınaqdan keçirən alimlər müşahidə olunan əqli çatışmazlıqların aradan qalxdığını müşahidə ediblər. Tək bir inyeksiya ilə əqli funksiyalarda yaxşılaşma müşahidə olunub və bu təsir bir həftə davam edib. Bu icadın şizofreniyanın müalicəsində yeni bir cığır açacağını təsdiqləmək üçün klinik sınaqlar aparılmasına ehtiyac var.
Molekulyar biologiya üzrə alim Jan-Filipp Pin “Newsweek”ə açıqlamasında bildirib ki, “İnsanlarda hələ dəqiq bilmirik, ancaq siçanlarda şizofreniyanın çox çatışmazlıqlarını müalicə etmək üçün kifayətdir.” “Nature” adlı elmi jurnalda dərc edilən araşdırmanın həmmüəlliflərindən olan Pin qeyd edib ki, şizofreniya xəstələrinə verilən dərmanlar “simptomları yaxşı müalicə edir, lakin əqli çatışmazlıqlara daha az təsir göstərir.”
Bu xroniki xəstəliyin səbəbi hələ məlum deyil, lakin Ümumdünya Səhiyyə Təşkilatı genlər və müxtəlif ətraf mühit faktorları arasındakı qarşılıqlı əlaqənin buna səbəb ola biləcəyini düşünür. Bəzi halların isə marixuana istifadəsi ilə əlaqəli olduğu bildirilir. Şizofreniya hər yaşda ortaya çıxa bilsə də, adətən 16-30 yaşlarında dəqiq diaqnoz qoyulur. Simptomlar insandan insana dəyişir.
ABŞ Milli Ruh Sağlamlığı Birliyi, xəstəliyin tam çarəsinin olmadığını, lakin antipsixotik dərmanlar, danışıq terapiyası və özünüidarəetmə strategiyaları ilə müalicə edilə biləcəyini bildirir. Araşdırma müəllifləri bu strategiyanın da siyahıya əlavə ediləcəyini ümid edirlər.