AZ

Yaxın Şərqdə müharibə və xaosun yeni dalğası: Böyük dövlətlərin mənafeləri və regionun gələcəyi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Yaxın Şərqdə illərlə davam edən siyasi və hərbi gərginlik son aylarda daha da dərinləşərək beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmağa başlayıb. Xüsusilə Fələstin və İsrail arasında davam edən münaqişə regionda güc balansını dəyişdirərkən bu prosesə üçüncü tərəflərin də aktiv şəkildə müdaxilə etməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Son günlərdə Yəməndəki husi hərəkatının İsraillə əməkdaşlıq edən ticarət gəmilərinə qarşı açıq hücum təhdidləri səsləndirməsi regionda dəniz nəqliyyatı və qlobal ticarət yollarının təhlükəsizliyi baxımından yeni bir eskalasiya mərhələsini işarə edir.

Bu bəyanatlar yalnız Yaxın Şərqdə deyil, eyni zamanda, Qırmızı dəniz və Hind okeanı üzərindən keçən beynəlxalq dəniz yollarında da narahatlığa səbəb olub.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Əlimusa İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, bütün bunlar Yaxın Şərqdə müharibə və xaosun qarşısını almaq üçün görülən addımların lazımi nəticə vermədiyini göstərir:

"Böyük dövlətlərin regiona baxış bucaqları region dövlətləri və orada yaşayan xalqların gözləntilərindən fərqlidir. Yəni onlar 100 il bundan əvvəl olduğu kimi, ilk mərhələdə öz mənafelərini düşünür və bu mənafelərin həyata keçirilməsindən başqa heç nəyi qəbul etmək istəmirlər. Düşünürlər ki, güc, sanksiya və blokada vasitəsilə istəklərinə nail olacaqlar. Amma əslində, belə deyil. Zorla milləti əymək olar, amma sındırmaq olmaz. Yaxın Şərqdə yaşayan əhalinin də mənafeyini nəzərə alan çıxış yolu tapmaq, daha doğrusu, həyata keçirmək lazımdır. Əslində isə bu yol var, sadəcə, böyük dövlətlərin mənafeyinə xidmət etmədiyi üçün onu həyata keçirmək istəmirlər".

Mütəxəssis əlavə edib ki, ABŞ "Ənsar-Allah" (husilər) hərəkatı ilə yeni eskalasiyaya getməyəcək:

"Düzdür, əvvəlki bəyanatlarında husilər Amerika Birləşmiş Ştatlarının və İsraildən başqa digər dövlətlərin gəmilərini vurmamağı öhdəliklərinə götürmüşdülər. Yəni verdikləri bəyanata görə, onların əsas hədəfi İsraildir. Müəyyən qədər də buna nail olublar. İsrail də buna görə ölkədən daşınan yükləri öz gəmiləri ilə deyil, digər gəmilərlə, başqa bayraqlar altında daşımağa üstünlük verir. Məhz bunu nəzərə alaraq, husilər son günlərdə İsrailin yüklərini daşıyan digər gəmiləri, o cümlədən Amerika Birləşmiş Ştatlarına məxsus olan gəmiləri vurmağı bəyan edirlər. Amma hələlik bu həyata keçirilməyib və ona görə də əvvəlcədən bu təhdidlərin mütləq gerçəkləşdiriləcəyini söyləmək mümkün deyil".

"Şübhəsiz ki, ABŞ gəmilərinə qarşı hər hansı bir hücum olarsa, Birləşmiş Ştatlar husilərlə güc dilində danışmağı üstünlük verəcəklər. Lakin mən düşünürəm ki, Birləşmiş Ştatlar yenidən husilərə hücum etməkdə maraqlı deyil. Ona görə ki, may-iyun aylarında da bu istiqamətdə addımlar atılmış, lakin ciddi nəticələr olmamışdı. Yəni rəsmi Vaşinqton husilərin müqavimətini qıra bilmədi və özünə ciddi ziyan gələcəyini əsas götürərək bu prosesi bir qədər təxirə saldı. Husilərin indi bu tipli bəyanatla çıxış etməsi reallığa nə dərəcədə uyğun olacaq, məlum deyil, amma istənilən halda bu təhlükə gözlənilir.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
oxu.az

2Mənbələr