AZ

Azərbaycan ilə UNICEF arasında mövcud əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdə diplomatik fəaliyyəti başa çatan nümayəndəsi Saja Farooq Abdullahla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə BMT, o cümlədən UNICEF arasında mövcud əməkdaşlıq məsələləri müzakirə edilib, Azərbaycanda və digər ölkələrdə həyata keçirilən birgə təşəbbüslərdən, layihələrdən bəhs olunub.

Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Ölkəmizin BMT-nin, habelə UNICEF-in fəaliyyətində aktiv iştirakı qeyd olunub. Xüsusilə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dövründə sərgilənən nümunəvi birgə əməkdaşlığın bundan sonra da, həmçinin növbəti il ölkəmizin ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumu zamanı da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanda uşaqların həyat və sağlamlığı, təhsili istiqamətində həyata keçirilən birgə layihələrlə yanaşı, ölkəmizin donor qismində çıxış etdiyi layihələrin, xüsusilə Fələstində orta məktəbin inşası təşəbbüsünün əlaqələndirilməsində UNICEF-lə əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Ceyhun Bayramov, həmçinin müqabil tərəfi postmünaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq fəaliyyəti, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan yenidənqurma səyləri barədə ətraflı məlumatlandırıb, vətəndaşlarımızın öz torpaqlarına ləyaqətli qayıdışının təmin olunması istiqamətində görülən işlərdən geniş şəkildə bəhs edib.

Saja Farooq Abdullah ölkəmizdə fəaliyyəti müddətində Azərbaycanda uşaqların həyat, sağlamlıq və rifah indikatorlarının yüksəldiyini məmnunluqla qeyd edib, bu istiqamətdə ölkəmizin aidiyyəti dövlət qurumları ilə faydalı əməkdaşlığın rolunu vurğulayıb.

Qarşı tərəf UNICEF-in nümayəndəsi qismində Azərbaycanda çalışdığı müddətdə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-UNICEF əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi istiqamətində arzularını çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Seçilən
1
23
azertag.az

10Mənbələr