Unibank müştərilərindən biri sosial şəbəkədə bankın hesablamaları ilə bağlı narazılığını bölüşüb. O bildirib ki, 24 iyul tarixində 369 manatlıq kredit ödənişini unutduğu üçün cəmi bir gün gecikib və 1 manat əlavə faizlə birlikdə 370 manat ödəyib. Buna baxmayaraq, bir neçə gün sonra sistemdə əlavə 9 manat borcun yarandığını görüb.
AzPost xəbər verir ki, sözügedən şəxs eyni halın digər bir ödənişdə də təkrarlandığını bildirib. Belə ki, Ucard vasitəsilə 27 manatlıq borcu vaxtında ödəməsinə baxmayaraq, 1 manat əlavə borc qeydə alınıb. Müştəri qeyd edir ki, daha əvvəl heç bir gecikməsi olmayıb və bu cür əlavə cərimələrin hesablanma məntiqini anlamır.
Mövzuya digər istifadəçilər də münasibət bildiriblər. Şərh yazanlardan biri, Orxan Rəhimli, bu cür halların təkrarlanmasının təsadüfi olmadığını və bankın sistemində şəffaflıq problemi olduğunu vurğulayıb:
“Unibank adi bank deyil. Mən onlara ‘Sülük bank’ deyirəm. Başımıza çox oyun açdılar, halbuki biz dəqiq və etibarlı müştəri idik. Mümkün qədər ordan kredit götürməyin.”
Hazırda bu iddialarla bağlı Unibank tərəfindən rəsmi açıqlama verilməyib. Ekspertlər isə bildirirlər ki, günlük gecikmə faizi, əsas borcun deyil, ümumi kredit balansının üzərinə tətbiq olunursa, bu, müştərinin razılığı olmadan aparılan qeyri-etik hesablamaya səbəb ola bilər. Həmçinin, Ucard vasitəsilə edilən ödənişlərin də eyni gündə sistemə oturmaması əlavə gecikmə kimi qiymətləndirilə bilər.
Müştərilərə tövsiyə olunur ki, belə hallarda bankdan yazılı izahat tələb etsinlər və mümkün olduqda Mərkəzi Bank və ya Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etsinlər.