"Qiyamət buzlağı" kimi qorxulu adla tanınan "Tueyts" ("Thwaites") buzlağında okean səviyyəsinin üç metrdən çox yüksəlməsinə səbəb ola biləcək həyəcanverici qeyri-sabitlik əlamətləri görünür.
Moderator.az xəbər verir ki, “Journal of Geophysical Research Earth Surface” jurnalında dərc olunan son araşdırma buz şelfində fəlakətli çökmənin yaranmasına səbəb ola biləcək çatlar haqqında yeni təfərrüatları ortaya qoyub.
Araşdırmanın həmmüəllifi Riçard Alley deyir: “Biz buz rəflərinin qopduğunu görmüşük, lakin onların yenidən böyüdüyünü heç vaxt görməmişik”.
Genişliyi təxminən 80 mil olan "Tueyts" buzlağı hər il 136 milyard tona qədər buz itirir. Onun buz şelfi hazırda okeana tökülən böyük buz axınının qarşısını alır. Əgər bu “tıxac” qırılsa, dəniz səviyyəsi sürətlə yüksələ və bütün dünyada sahil şəhərlərini su basa bilər.
Pensilvaniya Universitetinin alimləri çatların dəqiq "3D" modellərini yaratmaq üçün NASA-nın "ICESat-2" peyk məlumatlarından istifadə ediblər. Bu, qeyri-sabitliyin əks əlaqə mexanizmini aşkar etməyə kömək edib: çatlar sürətlənmiş əriməyə səbəb olur, bu da öz növbəsində daha çox çatlar yaradır.
"Biz inanırıq ki, "Tueyts" buzlağı çox qeyri-sabit olarsa, bunun fəlakətli nəticələri olacaq" deyib dosent Şutse Van.
Buzlağın şərq hissəsi xüsusilə həssasdır, burada çatlama daha tez baş verir. Səbəblər okean axınlarının mürəkkəb qarşılıqlı təsiri, suyun temperaturunun yüksəlməsi və dəniz buzunun azalmasıdır.
Alimlər xəbərdarlıq edirlər ki, "Tueyts" buzlağı 2002-ci ildə beş həftə ərzində tamamilə dağılan "Larsen B"-nin taleyini izləyə bilər. "Lakin Tueyts" daha böyükdür və onun dağılması Antarktida buz təbəqəsinin digər hissələrini sabitliyi pozan "domino effekti"nə səbəb ola bilər.
Doktorant və tədqiqatın həmmüəllifi Çjenjuy Xuan deyir: "Biz bunun tədqiqatçılar üçün əsas məlumat dəsti olacağını gözləyirik".
Yeni tədqiqat təhlükələri daha dəqiq proqnozlaşdırmaq və dəniz səviyyəsinin qalxması üçün təsirin azaldılması strategiyaları hazırlamaq şansı təqdim edir. Amma elm artıq indi fəaliyyətə ehtiyac olduğunu vurğulayır.