"İxtisas seçimi zamanı valideynlər övladlarına dəstək olmalıdır, təzyiq göstərməli deyil. Bu dönəmdə gənclər çox sayda qərar verməli, eyni zamanda özlərini və gələcəklərini formalaşdırmalıdırlar. Valideynlər isə bu prosesi idarə etməyə çalışmaq əvəzinə, güvən verən, dinləyən və yönləndirən rolunda olmalıdırlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova ixtisas seçimi zamanı valideynlərin övladlarına necə dəstək olmasından danışarkən bildirdi.
"“Sən necə istəyirsənsə, biz sənin yanındayıq” cümləsi bəzən bir dərmandan daha təsirlidir. Öz arzularını övladlarına yükləmək yerinə, onların maraqlarını və qabiliyyətlərini anlamağa çalışmaq vacibdir. Bu qorxu real nəticələrdən daha çox gələcək naminə qoyulan sosial və emosional təzyiqlərlə bağlıdır. Uşaqlar bəzən kəsilməkdən çox, valideynlərini məyus etməkdən və ya dostları qarşısında “utandırılmaqdan” qorxurlar.
Bu fikirləri azaltmaq üçün onlara səhv etməyin də insanın inkişafının bir hissəsi olduğunu anlatmaq lazımdır. ”Nəticə nə olursa olsun, sənin dəyərin bizim üçün dəyişməyəcək” cümləsi onlara güvən verir və bu kimi sözlərlə onlara dəstəyimizi bildirməliyik. Valideyn özü panik və narahat davranırsa, bu emosiyalar övladına da keçir. Bu isə iki tərəf arasında anlaşılmazlıqara səbəb ola bilər. Ona görə də, valideynlər həyəcanlarını bir qədər basdırmalıdır".
Psixoloq qeyd etdi ki, gənclər isə ixtisas seçərkən 3 əsas meyara fokuslanmalıdırlar:
"İlkin olaraq maraq və həvəs nəzərə alınmalıdır. Seçdiyin sahəni uzun illər boyu sevə biləcəksənmi? sualını öz-özlərinə verməlidirlər. İkinci isə bacarığın - bu sahədə bacarıqların və potensialın varmı? Üçüncü amil isə reallıqdır - seçdiyin sahənin gələcək imkanları sənin üçün yetərlidirmi?
Valideynlər bu analizdə uşaqlarına “yol yoldaşı” kimi dəstək olmalıdır “komandir” kimi yox.
Bu vəziyyətdə uşağa dəstək verilməli, təsiredici və ya qınayıcı ifadələrdən uzaq durulmalıdır. Çünki bu yaş dövründə yaşanan uğursuzluq travması uzunmüddətli psixoloji təsirlər yarada bilər. Bunun əvəzinə onların hisslərini dinləmək, birlikdə plan hazırlamaq, ona “bu bir son deyil, bir mərhələdir” mesajını vermək önəmlidir.
Valideynlərin rolunu belə ifadə etmək olar ki, təzyiq göstərən yox, motivasiya verən olmaq lazımdır. Hər bir uşaq öz yolunu tapır, əsas məsələ onların bu yolu daxili güvən və emosional sağlamlıqla gedə bilmələridir", - deyə Zeynəb Əyyubova fikirlərini yekunlaşdırdı.
Xədicə BAXIŞLI