Son günlər Bakıda suyun normal verilməməsindən sabiq deputat Etibar Əliyev də şikayətlənib.
Ölkə.az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib.
“Nəvəmi çimizdirmək istəyirik. Düşürəm su daşımağa. Nəvəm babasına kömək edir: Balaca vedrəsini götürüb və qapıda hazır vəziyyətdə dayanıb”, - deyə eks-millət vəkili yazıb.
Qafqazinfo həmin paylaşımı ilə bağlı Etibar Əliyevlə əlaqə saxlayıb. O, açıqlamasında qeyd edib ki, yaşadığı Suraxanı rayonu Qaraçuxur qəsəbəsində sakinlər 14 gündür ki, su problemi yaşayırlar.
Keçmiş deputatın şikayəti ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən isə saytımıza bildirildi ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır: “Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır. 24 saatlıq intensiv iş rejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıq olaraq tənzimlənir. Əhalinin 70%-dən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir”.
Qeyd edək ki, iyul ayı başlayandan Bakının müxtəlif ərazilərində, eləcə də Qaraçuxur qəsəbəsində yaşayan sakinlər suyun fasilələrlə verilməsindən şikayətlənirlər. Vətəndaşların iddiasına görə, axşam saat 6-dan sonra qəsəbəyə, ümumiyyətlə, su verilmir.