AZ

Qaraciyər xərçənginin əsas səbəbləriBUNLARDIR

Dünyada sürətlə yayılan və ölümcül xərçəng növlərindən biri olan qaraciyər xərçəngi ilə bağlı aparılan yeni beynəlxalq araşdırma xəstəliyin əsas səbəblərini elmi əsaslarla ortaya qoyub.

Redaktor.az xəbər verir ki, Harvard Tibb Məktəbi və London İmperial Kolleci tədqiqatçıları tərəfindən birgə aparılan bu genişmiqyaslı araşdırma qaraciyər xərçəngi hallarının 75%-nin həyat tərzi və yoluxucu xəstəliklərlə birbaşa əlaqəli olduğunu göstərib.

Araşdırmaya görə, həddindən artıq alkoqol qəbulu, qaraciyərin yağlanması (NAFLD) və piylənmə qaraciyər xərçənginin inkişafında əsas rol oynayır. Piylənmə qaraciyərdə iltihab proseslərini artırır və zamanla hüceyrə mutasiyalarına səbəb olur. Mütəxəssislər qeyd edirlər ki, Qərb ölkələrində sürətlə artan metabolik sindromlar bu xərçəng növünün yayılmasına ciddi təsir edir.

Tədqiqatın ən mühüm nəticələrindən biri də virus mənşəli hepatitlərin, xüsusilə Hepatit B və C viruslarının qaraciyər xərçəngi riskini 7–10 dəfə artırmasıdır. Bu viruslar uzunmüddətli qaraciyər iltihabına, fibroz və siroza səbəb olaraq xərçəngin inkişafına zəmin yaradır. Asiya və Afrika ölkələrində hepatit viruslarının geniş yayılması bu bölgələrdə qaraciyər xərçəngi hallarının daha yüksək olmasına səbəb olur.

Mütəxəssislər, emal olunmuş qidalar, aşırı şəkər tərkibli içkilər və aflatoksin kimi toksinlərə məruz qalmanın da qaraciyər hüceyrələrində zərərli dəyişikliklərə səbəb olduğunu bildiriblər. Xüsusilə aflatoksin - kiflənmiş qidalarda tapılan zəhərli maddə - Cənubi-Şərqi Asiyada aparılan araşdırmalarda yüksək risk faktoru kimi qeyd olunub.

Tədqiqatçılar hesab edir ki, erkən mərhələdə diaqnoz və müntəzəm tibbi nəzarət xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır. Risk qrupuna daxil olan şəxslərin ildə bir dəfə qaraciyər funksiyalarını yoxlatmaları, ultrasəs müayinələrindən keçmələri və hepatit viruslarına qarşı vaksinasiya olduqları halda, bu xərçəng növünün qarşısını almaq mümkündür.

Alimlərin gəldiyi yekun qənaət budur ki, qaraciyər xərçəngi çox zaman profilaktika ilə qarşısı alına bilən bir xəstəlikdir. Sağlam qidalanma, aktiv həyat tərzi, viruslara qarşı vaxtında vaksinasiya və zərərli vərdişlərdən uzaq durmaq qaraciyər xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.

Nuriyyə NATİQQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr