AZ

Aqressiv davranan “Z nəsli” Səbəb nədir?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

“2000-ci ildən sonra doğulan və “Z nəsli” olaraq adlandırılan uşaqlar çox aqressiv olurlar”.

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, “Z nəsli” sayılan uşaqlar çox ərköyün şəkildə böyüyürlər:

“Çünki valideynlər həmin uşaqları sanki “əl içində” böyüdürlər. Bundan başqa, süni mayalanma ilə dünyaya gələn uşaqların da hansısa maneləri keçmədiyini nəzərə almaq lazımdır. Belə ki, uşaq ananın uşaqlığına gəlmədən əvvəl bir sıra maneələri keçməlidir.

Süni mayalanma prosesində bu hal baş vermir. Həmçinin, müasir dövrdə qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlar da çoxluq təşkil edir. Əslində, belə doğulan uşaqlar zəif olurlar. Doğuş zamanı uşaq müəyyən bir yol qət edir, amma qeysəriyyə əməliyyatında belə bir proses baş vermir”.

Ekspert qeyd edib ki, bu uşaqlar heç bir əziyyət çəkmədən dünyaya gəlirlər:

“Üstəlik, onların anaları da çox vaxt hamiləlik vaxtı “əl üstündə” saxlanılır. Yəni bu uşaqlar nə doğulanda, nə də hamiləlik vaxtı stress görmürlər. Ona görə də stressə dayanıqsız olurlar. Bundan əlavə, hazırkı ekoloji vəziyyət, qidaların genlərinin dəyişməsi kimi faktorlar da “Z nəsli” uşaqlarına təsir edir.

Eyni zamanda, müasir uşaqlarda ünsiyyət problemi də var. Nəzərə almaq lazımdır ki, həm uşaqların özləri, həm də valideynləri günün çox hissəsini telefon və ya kompüter qarşısında keçirirlər. Daha dəqiq desək, valideynlər övladı arasında belə ünsiyyət qurulmur. Bu kimi hallar da “Z nəsli” uşaqlarının aqressiv yetişməsinə səbəb olur”.

Onun sözlərinə görə, nənə-baba ilə böyüməmək də müasir uşaqlara problem yaradır:

“Əvvəlki uşaqlar böyük ailələrdə böyüyürdülər. İndiki uşaqlar isə adətən ata-ana ilə böyüyürlər. Hazırda bir çox ailələrdə nənə-baba uşağın tərbiyəsindən təcrid olunur.

Uşağın formalaşmasında nənələrin, babaların rolu böyükdür. Çox ailədə ancaq valideynlər olur. Onlar da uşaqlarının başını qatmaq üçün telefon verirlər. Ata-ana isə lazımi bütün funksiyaları öz öhdəsinə götürə bilmir. Valideynlər işdən yorğun gəlir və uşağa ayıracaq zamanları qalmır”.

Psixoloq “Z nəsli” uşaqlarının aqressivliyinin digər səbəblərindən də bəhs edib:

“Hazırkı uşaqların həyətdə və ya məhəllədə oynaması üçün şərait də yoxdur. Hər yerdə yeni tikililər və şəhərləşmə gedir. Ümumiyyətlə, “Z nəsli” uşaqlarının düşüncə tərzi də olduqca fərqlidir. Bunlar texnologiya uşaqlarıdır.

Onlar robotlaşmış uşaqlar və ya hibrid nəsildir. Belə uşaqlardan nə gözləyə bilərik? “Z nəsli” uşaqlarında emosiya və empatiya yoxdur. Hətta deyərdim ki, narsist bir nəsil böyüyür. Üstəlik, onlarda eqoizm də olduqca çoxdur”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, indiki uşaqlar üçün hər şey əlçatandır:

“Düşünürəm ki, uşaqlara doğru tərbiyə verməli, stressə qarşı dayanıqlı böyütməli və onların hər istədiyini verməməliyik. Çünki “Z nəsli” hər şeyi rahat əldə etməyi öyrənib. 

Məsələn, biz şəkərburanı ancaq Novruz bayramından görürdük, indiki uşaqlar isə onu ilin bütün aylarında yeyə bilirlər. Buna görə də onları bir az yoxa da öyrəşdirmək lazımdır”.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Z nəsli uşaqlar aqressiya psixoloq

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr